Adil Kərimli: "Kitabxanalarda peşəkarlığı sual altında olan şəxslər də var"

Adil Kərimli: "Kitabxanalarda peşəkarlığı sual altında olan şəxslər də var"

Təəssüf ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti mövcuddur.

"Cebheinfo.az" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Mədəniyyət Komitəsində "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın kitabxana sistemi ilə bağlı fikirlərinə cavab olaraq deyib.

Nazirin sözlərinə görə, bununla bərabər, qeyd olunan sahədə çox peşəkar kitabxanaçılar da çalışır:

"Biz onların iişni yüksək qiymətləndiririk. Ucqar rayonlarda, heç də yaxşı olmayan şəraitdə işləyən kitabxanaçılarımızla, həqiqətən, qürur duyuruq. Onlar kitaba sevgiləri ilə işləyirlər".

A.Kərimli qeyd edib ki, kitabxana sahəsində işə yalnız ali təhsilli şəxslərin cəlb olunması əsas hədəflərdən biridir.

"Eyni zamanda, onların yaxşı iş şəraiti ilə təmin edilməsi də vacib məsələlərdən biridir. Çünki infrastrukturun zəifliyi və ya ümumiyyətlə, heç bir standarta uyğun olmaması ciddi problemdir".

Qeyd edək ki, F.Mustafa parlamentdə keçirilən müzakirədəki çıxışında böyük təcrübəyə və zəngin kitab yaddaşına malik çoxsaylı kitabxanaçıların müxtəlif səbəblərdən sistemdən ayrıldıqlarını bildirib.

"Cebheinfo.az"