Birgünlük də evlənib boşanmaq olar? – VƏKİL
Ailə qurmaq insanların həyatında ən mühüm və məsuliyyətli qərarlardan biri hesab olunur.
Lakin bəzən müxtəlif səbəblərdən tərəflər nikah bağlandıqdan çox qısa müddət sonra bu qərarın onlar üçün doğru olmadığını düşünürlər.
Elə hallar olur ki, insanlar evləndikdən cəmi bir neçə saat, bir gün və ya bir neçə həftə sonra ayrılmaq barədə düşünməyə başlayırlar. Bu isə həm hüquqi, həm də ictimai baxımdan bir sıra suallar doğurur.
Cəmiyyətdə tez-tez belə fikirlər səsləndirilir ki, nikah çox qısa müddət davam edərsə, onun ləğvi mümkündür və bu halda şəxslərin ailə vəziyyəti sonradan dövlət sistemlərində yenidən "subay" kimi görünür.
Hətta bəzi iddialara görə, bir neçə gün davam edən evliliklər sonradan rəsmi qeydiyyatlarda ümumiyyətlə əks olunmur və şəxslər heç evlənməmiş kimi qeydə alınırlar.
Bəs bu fikirlər nə dərəcədə doğrudur? Bir neçə günlük evlilik sonradan rəsmi qeydiyyatlarda necə əks olunur?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında hüquqşünas Ruslan Mustafayev bildirib ki, Azərbaycanda nikaha daxilolma prosesi qanunvericiliklə müəyyən edilmiş qaydalar əsasında həyata keçirilir:

“İki şəxs nikaha daxil olmaq barədə qərar verdikdən sonra müvafiq qeydiyyat orqanına rəsmi qaydada ərizə təqdim edirlər. Qeydiyyat şöbəsi tərəfindən onlara nikahın bağlanacağı tarix barədə məlumat verilir və həmin gün tərəflər sənədləri imzalayaraq rəsmi nikaha daxil olurlar.
Lakin təcrübə göstərir ki, bəzi hallarda nikahdan qısa müddət - bir neçə gün, bir həftə və ya daha uzun müddət sonra tərəflər qərarlarının düzgün olmadığını düşünə, tələsik addım atdıqlarını və bir-birlərini kifayət qədər tanımadıqlarını anlayaraq bu münasibətə son vermək istəyə bilirlər.
Əgər nikah müddətində uşağın doğulması kimi hüquqi nəticələr yaranmayıbsa və hər iki tərəf razılıq ifadə edirsə, qanunvericilik onlara qeydiyyat orqanına müraciət etməklə nikahın ləğvi imkanı tanıyır”.
O qeyd edib ki, şəxsin şəxsiyyət vəsiqəsində “subay” və ya “evli” statusunun göstərilməsi onun real ailə vəziyyətini tam və dəqiq əks etdirməyə bilər:
“Çünki nikah bağlandıqdan və ya pozulduqdan sonra şəxsiyyət vəsiqəsi dərhal dəyişdirilmir və çox vaxt sənədin etibarlılıq müddəti bitənədək eyni məlumat qalır.
Buna görə də vəsiqədə göstərilən status faktiki ailə vəziyyətinin dəqiq göstəricisi hesab oluna bilməz. Eyni hal boşanma sonrası vəziyyətə də aiddir, şəxs boşansa belə, yeni sənəd almamışdırsa, vəsiqədə əvvəlki qeydiyyat məlumatı qala bilər.
Bu səbəbdən vətəndaşın ailə vəziyyəti barədə dəqiq və rəsmi məlumat yalnız dövlət qeydiyyat orqanlarına rəsmi sorğu əsasında əldə oluna bilər. Yalnız bu qaydada verilən məlumat hüquqi baxımdan tam etibarlı hesab edilir”.
Gülər Həsənli
“Cebheinfo.az”

