Qaz məngənəsindəki İrəvan: Qurtuluşu Azərbaycandadır
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov Moskvanın "Qazprom" vasitəsilə Ermənistana qaz tədarükü şərtlərinə yenidən baxacağını bildirib.
Onun sözlərinə görə, belə halda Ermənistana satılan təbii qazın qiyməti 2–2,5 dəfə arta bilər.Ekspert qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı üzvləri hazırda 30 faizlik ixrac rüsumundan azaddır, lakin Ermənistan bu gömrük zonasından çıxacağı təqdirdə “Qazprom” həmin rüsumu ödəməli olacaq və bu da qiymətin təxminən 30 faiz artmasına gətirib çıxaracaq.
Yuşkovun fikrincə, belə ssenaridə mövcud müqavilə qüvvədən düşə və yeni razılaşma “Avropa qiymət düsturu” əsasında formalaşa, yəni min kubmetr qazın qiyməti 520–550 dollar səviyyəsinə qədər yüksələ bilər. Hazırda isə Ermənistan Rusiyadan qazı təxminən 177 dollara alır.
Bu dəyişiklik Ermənistanın enerji təhlükəsizliyinə və iqtisadiyyatına hansı təsirləri göstərə bilər? Alternativ qaz mənbələri Ermənistan üçün bu vəziyyətdə nə qədər real çıxış yolu ola bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Rusiya Ermənistana qaz qiymətlərini kəskin artırmayacaq.

Onun sözlərinə görə, çünki bu, Moskvanın mühüm bazarını itirmə riski yaradır:
“Birinci növbədə onu qeyd edim ki, Rusiya tərəfinin Ermənistana zaman-zaman satdığı qazı siyasi alət kimi istifadə etməsini biz görmüşük. Hazırda da onun qiymətinin dəfələrlə qaldırılması ilə bağlı səsləndirilən fikirlərin real olduğunu düşünmürəm. Ona görə ki, Rusiya bu bazarı da itirə bilər.
Rusiya bu bazarı itirərsə, onsuz da qazını satmağa yer tapmır. Çin inanılmaz dərəcədə ucuz qiymətə alır, Avropa imtina edir, sanksiyalar məngənəsində sıxılır. Ermənistanı da bazar olaraq itirərsə, bu, Rusiya üçün ağır nəticələr doğura bilər. İkinci bir tərəfdən, bu gün qiymətləri qaldırarsa, sonra Ermənistanı nə ilə qorxudacaqdır?
Yəni sonrakı illərdə də qorxutmaq, daha sadə və diplomatik dillə desək, siyasi təsir göstərmək üçün ən vacib alətlərdən birindən özünü məhrum edə bilməz. Onsuz da Ermənistanın o qədər də böyük idxal həcmi yoxdur ki, Rusiya bundan böyük ölçüdə gəlir əldə etsin. Buna görə də bunun bu səviyyədə Ermənistan cəmiyyəti tərəfindən real bir təhlükə kimi qəbul edilməsinə ehtiyac yoxdur”.
İqtisadçı əlavə edib ki, Paşinyan hakimiyyəti mövcud vəziyyəti ciddi təhlükə kimi görmür:
"Paşinyan hakimiyyətinin davranışlarına baxanda da görünür ki, onlar bunu heç də real təhlükə kimi qəbul etmirlər. Yəni sərbəst şəkildə, onsuz da nəyi necə etməyi düşünürlərsə, o istiqamətdə də addımlar atırlar.
Ermənistan öz ehtiyaclarını gələcəkdə İran və Azərbaycanın hesabına da ödəyə bilər. Qeyd etdiyim kimi, Ermənistanın böyük həcmdə idxal payı yoxdur və digər istiqamətlərdən də bunu qarşılıqlı şəkildə təmin edə bilər”.
Eldəniz Əmirov vurğulayıb ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması qısamüddətli iqtisadi çətinliklər yarada bilsə də, uzunmüddətli perspektivdə daha böyük iqtisadi faydalar gətirə bilər:
“Düzdür, qəfil baş verərsə, Ermənistanda bir qədər qiymət artımı ola bilər, amma bu da son deyil. Ümumiyyətlə, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağını real hesab edirəm. Düşünürəm ki, bu, zaman məsələsidir. Gec-tez Ermənistan bu addımı atacaqdır. Bu addımı atdıqdan sonra bir neçə il ərzində müəyyən iqtisadi sıxıntılar yaşana bilər.
Amma orta və uzunmüddətli dövrdə Türkiyə ilə sərhədlərin açılması, Azərbaycanla münasibətlərin normallaşması və Qərbə inteqrasiya formasında Ermənistanın Avrasiya İqtisadi İttifaqından dəfələrlə daha çox iqtisadi fayda götürə biləcəyi bir mühit yaranacaq”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”


