ABŞ neft ixracında dünya lideri oldu
Qlobal münaqişələrin təsiri ilə dəyişən enerji balansı ABŞ-ni tarixində ilk dəfə dünyanın ən böyük neft ixracatçısına çevirib.
Uzun illərdir bazara hakim olan Səudiyyə Ərəbistanı və Rusiyanın üstünlüyü sona çatıb.
"Cebheinfo.az" xəbər verir ki, “Reuters”-in məlumatına görə, ABŞ-nin bu uğurunun arxasında Ukrayna və İran ətrafında baş verən münaqişələrin yaratdığı bazar dəyişiklikləri dayanır.
ABŞ may ayında gündəlik orta hesabla 10,5 milyon barel neft ixrac edərək ardıcıl üçüncü ay dünya liderliyini qoruyub.
Bu göstərici onilliklər boyu Səudiyyə Ərəbistanı və Rusiyanın dominantlıq etdiyi qlobal neft bazarında ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Yeni statistikaya əsasən, Rusiya gündəlik 7 milyon barel ixracla ikinci yerdə qərarlaşıb.Səudiyyə Ərəbistanı isə gündəlik 5,9 milyon barel göstərici ilə üçüncü yerə enib.
Bildirilir ki, Səudiyyə Ərəbistanının ixracındakı azalmanın əsas səbəblərindən biri Körfəz bölgəsində neft daşımalarına mənfi təsir göstərən geosiyasi gərginlikdir.
Rusiyanın ixracı isə Ukraynanın pilotsuz uçuş aparatlarının hücumları və Qərb sanksiyaları səbəbindən azalıb.ABŞ-nin bu mövqeyə yüksəlməsində 2010-cu ildən sonra şist nefti və qazı istehsalındakı sürətli artım həlledici rol oynayıb.
Bu inkişaf sayəsində ABŞ əvvəlcə dünyanın ən böyük təbii qaz istehsalçısına, daha sonra isə ən böyük neft istehsalçısına çevrilib.
Enerji müstəqilliyinə doğru atılan addımlar nəticəsində ABŞ artıq təkcə daxili tələbatını ödəməklə kifayətlənmir, həm də qlobal enerji bazarının əsas tədarükçülərindən biri kimi çıxış edir.
Nigar Hacılı
"Cebheinfo.az"


