Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib

Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib

“Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib.

"Cebheinfo.az" Behbudov.safiyar.info- ya istinadən xəbər verir ki, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində növbəti tədbir Ağdam Dövlət Sosial-İqtisad Kollecində baş tutub.

10 iyun 2026-cı il tarixində keçirilən tədbirdə şəhid ailələri, qazilər, müharibə iştirakçıları, təhsil işçiləri və tələbələr iştirak ediblər. Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək göstərmək, eyni zamanda müharibə iştirakçılarının qəhrəmanlıq yolunu gənc nəslə tanıtmaq olub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru, şəhid ailəsi Nemət Rüstəmli ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, Vətən uğrunda canını fəda edən qəhrəmanların xatirəsini yaşatmaq və onların ailələrinin yanında olmaq hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Direktor gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayaraq belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını qeyd edib.

Daha sonra çıxış edən layihə rəhbəri, “QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O qeyd edib ki, şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlərin keçirilməsi onların problemlərinin öyrənilməsi, mənəvi dəstəyin göstərilməsi və cəmiyyətlə əlaqələrinin daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Naibə Behbudova vurğulayıb ki, şəhidlərimizin qəhrəmanlıq salnaməsi gələcək nəsillər üçün örnəkdir və bu irsin yaşadılması hər birimizin üzərinə düşən məsuliyyətdir.

“QÜRUR” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin Ağdam rayon şöbəsinin sədri Qadir Məmmədov çıxışında rayon ərazisində şəhid ailələri və qazilərlə aparılan işlərdən bəhs edib. O bildirib ki, mütəmadi görüşlər, ziyarətlər və sosial layihələr vasitəsilə bu kateqoriyadan olan insanların problemlərinin diqqətdə saxlanılması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. Qadir Məmmədov şəhid ailələrinin hər zaman cəmiyyətin diqqət və qayğı mərkəzində olmasının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən şəhid Xudayar Yusifzadənin anası Rada Qurbanova şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib. O bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin yaşadılması onların ailələri üçün böyük təsəllidir. Rada Qurbanova gənclərə şəhidlərin həyat yolunu örnək götürməyi və Vətənə layiqli xidmət etməyi tövsiyə edib.

Çıxışlar zamanı müharibə iştirakçıları Bəxtiyar Hüseynli və Daşqın Şükürov, şəhid anası Ziyarət xanım, şəhid bacısı Aytac xanım və şəhid ailəsi Əfsanə Quliyeva da öz fikirlərini bölüşərək Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, şəhidlərin qəhrəmanlıq yolundan və onların ailələrinə göstərilən diqqətin vacibliyindən danışıblar.

Tədbirdə şəhidlərin döyüş yolunu əks etdirən çıxışlar dinlənilib, onların əziz xatirəsi ehtiramla yad olunub. Görüş zamanı iştirakçıları maraqlandıran məsələlər müzakirə edilib, şəhid ailələri və müharibə iştirakçılarının təklif və müraciətləri dinlənilib.

Sonda layihə çərçivəsində bu qəbildən olan görüşlərin davam etdiriləcəyi bildirilib və şəhid ailələri ilə xatirə şəkilləri çəkdirilib.

"Cebheinfo.az"