Helikopterlər toqquşdu: 6 nəfər öldü
Braziliyanın Rio-de-Janeyro şəhərinin qərbində iki helikopterin havada toqquşması nəticəsində 6 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Rio-de-Janeyro Yanğınsöndürmə Xidmətinin sözçüsü Fabio Kontreras mətbuata açıqlamasında bildirib ki, havada toqquşan helikopterlər Recreio dos Bandeirantes bölgəsinə düşüb.
Qəza nəticəsində 6 nəfərin öldüyünü qeyd edən Kontreras, xilasetmə və araşdırma işlərinin hadisə yerində davam etdiyini bildirib.
Onun sözlərinə görə, helikopterlərdən biri avtodayanacağa düşüb və göyərtəsində olan 5 nəfər hadisə yerində həlak olub.
Digər helikopter isə toqquşma nöqtəsindən təxminən 100 metr aralıda aşmış vəziyyətdə tapılıb və pilotun öldüyü müəyyən edilib.
Kontreras ikinci helikopterin qəzaya uğraması nəticəsində yanğın baş vermədiyini, lakin qalıqların ətrafdakı binaların damlarına və terraslarına səpələndiyini vurğulayıb.
Yerli mətbuatın məlumatına görə, helikopterlərdən birinin düşdüyü avtodayanacaqda baş verən yanğın nəticəsində park edilmiş təxminən 20 elektrik avtomobili yanaraq külə dönüb.
Rio-de-Janeyro şəhərinin meri Eduardo Cavaliere yanğının nəzarət altına alındığını, yanğınsöndürənlərin isə dağıntıların təmizlənməsi və nəqliyyat vasitələrinin ərazidən çıxarılması işlərini davam etdirdiyini bildirib.
Qəzanın dəqiq səbəbi Braziliya Hərbi Hava Qüvvələrinə bağlı Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin apardığı istintaqdan sonra məlum olacaq.
Nigar Hacılı
"Cebheinfo.az"

