Heydər Əliyev: İnkişaf strategiyasının banisi

Heydər Əliyev: İnkişaf strategiyasının banisi

Bir çox xalqların tarixi siyasi təkamül yaradan nadir şəxsiyyətlərin adları ilə bağlıdır. 

Belə liderlər öz xalqının azadlığa çıxmasında, dövlət quruculuğunda, təhlükəsizliyin və inkişafın təmin olunmasında mühüm rol oynayıblar. Mustafa Kamal Atatürk, Corc Vaşinqton, Cəvahirlər Nehru, Şarl de Qoll, Uiston Çörçil, Nelson Mandella qeyd edilən tarixi simalardandır. 

Belə böyük şəxsiyyətlərdən biri də Azərbaycan xalqına nəsib olub. XX əsrdə dünyada ən böyük ictimai-siyasi xadimlərindən biri kimi tanınan Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi, dahi şəxsiyyət və böyük strateq kimi yadda qalıb. 

Bunu 1990-cı illərin əvvələrində Azərbaycanda baş siyasi proseslər də sübut etdi. Ölkədə baş verən mərkəzdənqaçma, siyasi xaos və ağır iqtisadi probıemlər fonunda Azərbaycan xalqının onu bu təhlükələrdən xilas edə biləcək uzaqgörən, təcrübəli və siyasi iradəyə malik bir liderə ehtiyacı yaranmışdı. 

Belə bir dahi şəxsiyyət yalnız Heydər Əliyev ola bilərdi. 1993-cü ildə Azərbaycan xalqı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciət edərək təcili Bakıya gəlməyi və dövlətin xilasını xahiş etdilər. 

Çünki hər bir Azərbaycan vətəndaşı milli dövlətçiliyi yaranmış böhrandan qurtara biləcək əzmli liderin, bacarıqlı siyasətçinin məhz Heydər Əliyev olduğuna əmin idi. Həmişə olduğu kimi, dar gündə xalqına dəstək və kömək olan Ümumilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Naxçıvandan Bakıya gəldi. Ulu Öndər xalqın müraciəti əsasında dövlətin idarəçilik sisteminin rəhbərliyinə qayıtdı. 

Əvvəlcə Azərbaycan Respublikası Ali Məclisinin sədri, sonra isə Azərbaycan Prezidenti vəzifəsinə seçilən Heydər Əliyev qısa müddətdə uğurlu dəyişikliklərə nail oldu. Azərbaycan ərazilərinin işğalının qarşısı alındı, Ermənistanla atəşkəs müqaviləsi imzalandı, ölkədə siyasi və hüquqi islahatlara başlanıldı. 

Azərbaycanın müstəqillik tarixində ilk konstitusiyası qəbul olundu, Azərbaycan neft yataqlarının birgə istismarına dair beynəlxalq konsorsiumun iştirakı ilə “Əsrin müqaviləsi” adlanan sənəd imzalandı. Azərbaycanın neft strategiyasında böyük tarixi hadisə olan bu saziş regionda geosiyasi dəyişikliklərə gətirib çıxartdı. 

Azərbaycan siyasi və iqtisadi cəhətdən real müstəqil dövlətə çevrildi. “Əsrin müqaviləsi” eyni zamanda, gələcəkdə Azərbaycanın əldə etdiyi uğurların təməli idi. Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi də məhz bunda idi. Ulu Öndərin Prezidentliyi dövründə Azərbaycanda özəlləşmə siyasətinin həyata keçirilməsi bazar iqtisadiyyatının formalaşmasında mühüm addım oldu. 

Bu gün Prezidenti İlham Əliyevin uğurlu siyasəti və güclü siyasi iradəsi nəticəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, ölkədə erməni separatizminə son qoyulması və Ermənistanla sülhə nail olunması istiqamətində mühüm addımların atılması məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğunu siyasi məktəbin bəhrəsidir. 

Azərbaycan xalqının 33 ildir 15 iyun tarixini Milli Qurtuluş günü kimi bayram etməsi bu fəlsəfədən qaynaqlanır. Çünki iyunun 15-i Azərbaycan dövlətinin və xalqının fəlakətlərdən, təhlükələrdən xilas olduğu gündür. 

Minlərlə insan 33 il öncə iyunun 15-də "Xalqı bu bəladan qurtar!” şüarı ilə hava limanına Ümumilli Lideri qarşılamağa çıxarkən dahi şəxsiyyətin öz xalqını xilas edəcəyinə inanırdı. 

Ona görə də Heydər Əliyev tarixə həm də xilaskar kimi düşdü. İyunun 15-i xalqımız üçün qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir. 

Azərbaycan dövlətinin inkişaf strategiyası məhz Ülu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Hazırda Azərbaycanın dünyada artan siyasi nüfuzunun, daxili sabitliyin, iqtisadi inkişafın, yüksək təhlükəsizlik mühitinin banisi Ümumilli Lider Heydər Əliyevdir! 

Müşfiq 
“Cebheinfo.az”