“Qadınların özünüməşğulluq imkanlarının artırılması məqsədilə sahibkarlıq və sosial bacarıqlarının artırılması” mövzusunda təlim təşkil olunub

“Qadınların özünüməşğulluq imkanlarının artırılması məqsədilə sahibkarlıq və sosial bacarıqlarının artırılması” mövzusunda təlim təşkil olunub

Azərbaycan Respublikasının  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyi ““Qadınların özünüməşğulluq imkanlarının artırılması” layihəsini həyata keçirir. Layihə çərçivəsində 10 - 11 iyun 2026-cı il tarixlərində Şabran rayonunda “Qadınların sahibkarlıq və sosial bacarıqlarının artırılması” mövzusunda 2-günlük təlim keçirilib. Təlimdə öz maddi vəziyyətini yaxşılaşdırmaq məqsədilə kiçik biznes qurmaq istəyən 15 nəfər qadın iştirak edib.

"Cebheinfo.az" xəbər verir ki, tədbir Cəmiyyətin Davamlı İnkişafına Yardım İctimai Birliyinin sədri və layihənin rəhbəri Fərrux Əgərovun giriş sözü ilə başlayıb. O, iştirakçıları salamlayaraq layihənin məqsədi və vəzifələri haqqında qısa məlumat verib və təlimin işinə uğurlar arzulayıb.

Layihənin təlimçisi Sədaqət Qəmbərova ilk öncə təlimin məqsədini və proqramını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra təlimçi proqrama uyğun olaraq biznesə başlamaq üçün zəruri addımlar, şəxsi və peşəkar həyatda inkişafa dair təqdimatlarla davam edib. Iştirakçılar biznes ideya tapmaq və onu inkişaf etdirmək, bazar araşdırması aparmaq, biznes plan hazırlamaq və maliyyə strategiyaları qurmaq kimi mövzularla tanış olub. Bundan əlavə qadınlara istər sahibkarlıq, istərsə də digər fəaliyyət sahələrində uğur qazanmaq üçün zəruri olan şəxsi inkişaf, “yumşaq bacarıqlar” hesab edilən səmərəli ünsiyyətin qurulması, mübahisələrin həlli, vaxtın effektiv idarə olunması, işgüzar əməkdaşlığın yaradılması mövzusunda sessiyalar təqdim edilib.

Təlim ərzində iştirakçılar praktiki tapşırıqları yerinə yetirərək sahibkarlığın ilkin şərtlərinə dair test suallarını cavablandırılıb. Cavabların təhlilinə görə, bu təlimə qədər qadınların yalnız 6 nəfəri öz biznesini yaratmaq barədə düşünüb, amma bu sahədə kifayət qədər peşəkar bilik və təcrübəyə malik olmadıqlarını bildirib. Qadınların əksəriyyəti (11 nəfər) sahibkarlıqla bağlı qanunvericiliyin tələbləri barədə məlumatsızdır. Müsbət haldır ki, onların əksəriyyətinin (11 nəfər) biznes qurmaq ideyası ailələri tərəfindən dəstəklənir.

Digər praktiki tapşırıq SWOT- təhlil metodu ilə şəxsi inkişafın ilkin şərti olan özünüqiymətləndirmə ilə bağlı idi. Iştirakçıların dediyinə görə bu, özünüqiymətləndirmə ilə bağlı onların ilk təcrübəsi idi. Müşahidəmizə görə, iştirakçılar özlərini real və obyektiv qiymətləndirməkdə çətinlik çəkirdilər. Onlar öz üstün cəhətləri kimi məsuliyyətli olduqlarını, liderlik xüsusiyyətlərini, vəziyyətə tez adaptasiya ola bilmək və s. keyfiyyətləri qeyd etmişlər. Onların ən zəif cəhətləri özünəinamın olmaması, stressə düşmək, səbirsizlik, vaxt məhdudiyyəti, riskə getmək bacarığının olmamasıdır. Vergilərin artma bilmə ehtimalı biznesə əsas təhdid kimi qiymətləndirilib.

Təlim zamanı müzakirə və sual-cavab metodundan daha çox istifadə edildi. Bu zaman iştirakçılar mövzularla bağlı öz fikir və ideyalarını paylaşdılar. Onlar onlayn biznesdə maraqlı olduqlarını bildirdilər, çünki bu onlara ailə qayğıları ilə yanaşı, əlavə gəlir əldə etmək üçün vaxtı idarə etməyə imkan yaradardı. Amma, iştirakçı xanım Günay Mədətova rəqəmsal alətlərdən istifadə ilə bağlı daha ətraflı məlumata və təlimlərə ehtiyacları olduğunu bildirdi. Günay Mirzəyeva isə dizayn proqramlarını öyrənmək istədiyini söylədi. Iştirakçılar onu da qeyd etdilər ki, əlavə bilik və məlumat almaq üçün təklif olunan kurslar çox bahalıdır. Buna görə də dövlət tərəfindən dəstəklənən belə layihələr əhəmiyyətlidir.

İştirakçılardan Təranə Niftəliyeva, Şəbnəm Səfərəliyeva, Sevinc Axundova, Günay Mədətova, Məfruqə Rəhmanova və digərləri müzakirələrdə daha fəal iştirak edib.

"Cebheinfo.az"