İsrail ordusu Livan, Suriya və Qəzzada qalacaq
İsrail Müdafiə Nazirliyindən edilən yazılı açıqlamaya görə, İsrailin Müdafiə Naziri İsrael Kats Livanın cənubunda İsrailin işğal etdiyi bölgələrin yerli əhalidən "təmizlənəcəyini" iddia edib.
"Cebheinfo.az" xəbər verir ki, Kats Vaşinqton ilə Tehran arasındakı razılaşmaya baxmayaraq, İsrail ordusunun Livanın cənubunda, Suriya və Qəzzada işğal etdiyi bölgələrdə qeyri-müəyyən müddətə qalmağa davam edəcəyini bildirərək bu ifadələri işlədib:
"Bu səbəbdən, mövcud və gələcəkdə yarana biləcək bütün təzyiqlərə rəğmən, İsrail ordusunun Livandan geri çəkilməsinə qarşı çıxırıq".
Baş nazir Benyamin Netanyahunun bu vəziyyəti ABŞ Prezidenti Donald Trampa və digər yüksəksəviyyəli ABŞ rəsmilərinə açıq şəkildə ifadə etdiyini irəli sürən Kats:
"Mən də dünən bunu ABŞ-nin Müdafiə Naziri Pit Heqsetə dəqiq bir şəkildə çatdırdım", - iddiasında bulunub.
Kats İsrailin təhlükəsizlik maraqlarından güzəştə getməyəcəklərini, işğal etdikləri bölgələrdən geri çəkilməyəcəklərini söyləyərək bunları qeyd edib:
"Əgər İran Livanın daxilindəki hadisələrə görə İsrailə hücum edərsə, İrana bütün gücümüzlə zərbə endirəcəyik və aradakı güc fərqini ona çox yaxşı hiss etdirəcəyik. Biz yalnız öz vətəndaşlarımıza və İsrailin təhlükəsizliyinə qarşı məsuliyyət daşıyırıq".
İsrailin radikal sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də Vaşinqton ilə Tehran arasında əldə olunmuş razılaşmaya kəskin reaksiya göstərərək:
"Trampın müqaviləsi bizi bağlamır. İsrail ABŞ-nin bir müstəmləkəsi (təbəəsi) deyil", – ifadəsini işlətmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"

