Sikorski Ukraynadan danışdı: “Avropa İttifaqına üzvlük prosesi...”

Sikorski Ukraynadan danışdı: “Avropa İttifaqına üzvlük prosesi...”

“Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi mürəkkəb və uzunmüddətli olacaq”.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski bu barədə Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının iclası öncəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kiyevin Aİ-yə qəbulu yalnız birliyin müəyyən etdiyi bütün meyarları tam şəkildə yerinə yetirdikdən sonra mümkün ola bilər.

Nazir qeyd edib ki, Avropa İttifaqı genişləndikcə və inteqrasiya dərinləşdikcə üzvlük tələbləri də daha mürəkkəb xarakter alır:

“Avropa İttifaqına qoşulmaq daha asan deyil, əksinə, daha çətindir. Çünki Avropa hüququnun və inteqrasiya prosesinin həcmi daim artır. Məsələn, bizim Aİ-yə üzvlüklə bağlı texniki danışıqlarımız yeddi il davam etmişdi. 

Ukraynanın üzvlüyünün həm onun, həm də Avropa İttifaqı üçün uğurlu olması üçün bütün meyarların tam yerinə yetirildiyinə əmin olmalıyıq”.

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen daha əvvəl Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqlarının iyunun 15-də Lüksemburqda başlayacağını təsdiqləmişdi.

Bununla yanaşı, “The Guardian” qəzeti Avropadakı mənbələrə istinadən yazıb ki, Ukrayna danışıqlara başlamaq üçün tələb olunan islahatların hələ 15 faizindən bir qədər çoxunu həyata keçirib.

Nəşrin iddiasına görə, danışıqların başlanması qərarında siyasi amillər də mühüm rol oynayıb.

Aişə Abdulova
“Cebheinfo.az”