Ben-Qvirə qarşı sanksiya təşəbbüsü Aİ-də fikir ayrılığı yaratdı
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Gvir barəsində sanksiya tətbiqi bir sıra üzv ölkələr tərəfindən təklif edilsə də, bu məsələ ilə bağlı Aİ daxilində yekdillik yoxdur.
"Cebheinfo.az" xəbər verir ki, Kallas Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısından əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, toplantının əsas gündəm mövzuları Ukrayna və Yaxın Şərqdəki hadisələrdir.
Onun sözlərinə görə, Qəzza zolağı və işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyət də müzakirə olunacaq.
Kallas qeyd edib ki, bir çox üzv dövlət Ben-Qvirə qarşı sanksiyalar təklif edib:
“Bu məsələni müzakirə edəcəyik. Lakin üzv ölkələrlə apardığım məsləhətləşmələr göstərir ki, belə bir qərarın qəbul edilməsi üçün tələb olunan yekdillik mövcud deyil”.
Məlumata görə, Aİ-yə üzv ölkələrin daimi nümayəndələrinin iştirak etdiyi COREPER iclasında İsrailin mmilli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç barəsində mümkün sanksiyalar müzakirə olunub.
Bildirilir ki, Almaniya sanksiya siyahısının yalnız Ben-Qviri əhatə etməsini müdafiə edib və Smotriçin siyahıdan kənarda saxlanılmasında israr edib. Çexiyanın isə Ben-Qvirə qarşı sanksiyalara da etiraz edən yeganə üzv ölkə olduğu qeyd olunur.
Aİ daxilində bəzi ölkələr İsrailin Qəzzadakı hərbi əməliyyatları zamanı səsləndirdikləri bəyanatlar və fələstinlilərlə bağlı açıqlamalar səbəbindən Ben-Qvir və Smotriçə qarşı səyahət qadağası, eləcə də aktivlərin dondurulması kimi sanksiyaların tətbiqini dəstəkləyir. Bununla belə, Avropa İttifaqına üzv dövlətlər arasında fikir ayrılıqları davam edir.
Nigar Hacılı
"Cebheinfo.az"

