Fermerlərin problemi: Ona çarə tapılacaqmı?
Azərbaycanda soyuducu anbarların tutumunun 500 min tona çatdırılması hədəflənir.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda irəli gələn vəzifələr barədə Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda soyuducu anbarların da genişləndirilməsi hədəflənir:
"Bununla bağlı göstəricilərin mövcud 400 min tondan 500 min tona çatdırılması hədəflənir. Dəstək mexanizmlərinə bu anbarlıqların alınmasına güzəşt və eyni zamanda, kreditlər, güzəştli kreditlərin ayrılması mexanizmi daxildir".
Qeyd edək ki, son ilər ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının azalmasının bir səbəbi kimi də yerli məhsulların saxlanması üçün soyuducu anbarların sayının az olması, nəticədə fermelərin məhsulu bazara çıxara bilməməsi göstərilir.
Soyuducu anbarların tutumunun artırılması yerli istehsalın artmasına, idxalın azalmasına imkan yaradacaqmı?
Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, soyuducu anbarların ümumi tutumunun 500 min tona çatdırılması kənd təsərrüfatı məhsullarının saxlanması imkanlarını genişləndirəcək və məhsul itkilərinin azalmasına kömək edəcək:

"Bu isə xüsusilə meyvə-tərəvəz istehsalçılarının məhsulu dərhal bazara çıxarmaq məcburiyyətini azaldaraq satış müddətini uzada bilər. Nəticədə daxili bazarda təklifin ilboyu daha sabit olması və qiymət dalğalanmalarının müəyyən qədər azalması mümkündür.
Lakin təkcə soyuducu anbarların sayının və tutumunun artırılması avtomatik olaraq yerli istehsalın əhəmiyyətli dərəcədə artmasına və ya idxalın ciddi şəkildə azalmasına zəmanət vermir.
İstehsalın artması üçün suvarma imkanları, məhsuldarlıq, müasir texnologiyaların tətbiqi, keyfiyyətli toxum və tinglər, logistika və bazarlara çıxış kimi amillər də mühüm rol oynayır".
Ekspertin sözlərinə görə, 500 min tonluq tutum kiçik rəqəm hesab oluna bilməz və kənd təsərrüfatı məhsullarının saxlanması baxımından əhəmiyyətli göstəricidir:
"Bununla belə, Azərbaycanın ümumi kənd təsərrüfatı istehsalı fonunda bu göstəricinin idxalı əvəzləyəcək qədər böyük təsir göstərməsi daha çox hansı məhsulların saxlanılacağından və anbarlardan nə dərəcədə səmərəli istifadə olunacağından asılı olacaq.
Başqa sözlə, soyuducu anbarlar istehsalın artmasına şərait yaradan vacib infrastruktur elementidir, lakin onların təsiri digər dəstək mexanizmləri ilə birlikdə daha qabarıq görünəcək".
Nigar Abdullayeva
"Cebheinfo.az"

