"Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı: “Tehran bizə silah verməz”

"Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı: “Tehran bizə silah verməz”

“Trampın “Beynəlxalq Sülh və Rifah üçün Marşrut” (TRIPP) sazişi Ermənistanın İranla münasibətlərini çətinləşdirə və iki ölkə arasında hərbi-texniki əməkdaşlığın gələcək inkişafına təsir göstərə bilər”.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Güclü Ermənistan" Partiyasının təhlükəsizlik müşaviri və ABŞ-nin Argentina və Rusiyadakı keçmiş vitse-konsulu Mikael Darbinyan "Armenia Today" qəzetinə verdiyi müsahibədə bildirib.

Keçmiş diplomat TRIPP layihəsinin müddəalarını təhlil edib, ABŞ ilə yeni strateji tərəfdaşlığın, xüsusən də Respublika Günü paradında İran silahlarının nümayişi kontekstində nəticələri ilə bağlı narahatlığını bildirib. Paradda "Kyavoş" və "Hafiz" radar sistemləri, eləcə də "Məcid" hava hücumundan müdafiə sistemləri nümayiş etdirilib.

O, silahların 2024-cü ildə məxfi müqavilə çərçivəsində əldə edildiyini bildirib. Darbinyan hesab edir ki, layihənin Meğri hissəsindən cənub tranzit yollarının açılması Tehranın etimadsızlığına səbəb ola və raketlər üçün bərk yanacaq da daxil olmaqla, hərbi təchizatın gələcək inkişafına təsir göstərə bilər.

"Bərk raket yanacağının istehsalı çox çətindir və onu çox az ölkə istehsal edir - ABŞ, Koreya, Yaponiya, Çin, Rusiya və İran. Buna görə də, əlavə təchizat problemə çevrilə bilər. Bu, təhlükəsizlik və çəkindirmə üçün ciddi itkidir və İran artıq bu hakimiyyət orqanlarına etibar etməyə bilər", - deyə o bildirib.

Layihənin inkişafı üçün şirkətin yaradılması ilə bağlı şərh verən Darbinyan bildirib ki, Vaşinqton Ermənistanın hazırkı rəhbərliyinə etimadsızlığı səbəbindən prosesi müstəqil şəkildə idarə etməyə çalışır. "Biz görürük ki, ABŞ layihənin 70%-ni alıb ki, bu da hazırkı hökumətə olan etimadın aşağı səviyyəsindən xəbər verir", - deyə o bildirib.

Onun sözlərinə görə, mövcud sənədlərdə Ermənistan əsasən tranzit ərazi kimi göstərilir. O bildirib ki, hakimiyyət dəyişikliyi halında "Güclü Ermənistan" blokunun lideri və "Taşir" Şirkətlər Qrupunun prezidenti Samvel Karapetyan müqavilələrin şərtlərini yenidən nəzərdən keçirə, ABŞ və İranın maraqlarını balanslaşdıra və Ermənistanın mövqeyini gücləndirə bilər.

Xəzər
“Cebheinfo.az”