"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib - FOTOLAR

"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib - FOTOLAR

VI "Yüksəliş" müsabiqəsinin əyani mərhələsinin son turu olan İdarəetmə bacarıqları imtahanı keçirilib.

Bu barədə "Yüksəliş" müsabiqəsinin İşçi Qrupundan məlumat verilib.

İmtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə təşkil olunub. Analitik təhlil imtahanını uğurla başa vuran 1468 namizəd İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb.

"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı 3 hissədən, "Sabit situasiya əsaslı tapşırıqlar", "Şaxələnən situasiya əsaslı tapşırıqlar" blokları və "Emosional zəka" alətindən ibarət olub. İmtahan çərçivəsində iştirakçılara ümumilikdə 120 tapşırıq təqdim edilib. İmtahanın ümumi müddəti 4 saat təşkil edib.

"Yüksəliş" müsabiqəsinin beynəlxalq qiymətləndirmə prinsiplərinə uyğun şəkildə təşkil olunmasının göstəricilərindən biri də xaricdə yaşayan iştirakçılar üçün distant imtahan imkanının yaradılmasıdır. Bu namizədlər üçün imtahan proktorinq üsulu ilə, onlayn formatda və iki sessiya üzrə keçirilib. Proses zamanı imtahan təhlükəsizliyinin və şəffaflığın təmin olunması məqsədilə müasir texnoloji həllərdən istifadə edilib.

İmtahan nəticələri T-şkala əsasında hesablanacaq. Bu qiymətləndirmə üsulu TOEFL, GMAT, SAT kimi bir sıra beynəlxalq imtahanlarda tətbiq olunur və iştirakçıların nəticələrinin daha obyektiv, müqayisəli və ədalətli şəkildə qiymətləndirilməsinə imkan yaradır.

İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan başa çatdıqdan sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində təqdim olunacaq.

Əyani mərhələni uğurla tamamlayan iştirakçılar VI "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə müsabiqənin builki qalibləri müəyyən ediləcək.

Qeyd edək ki, bu il "Yüksəliş" müsabiqəsinə rekord sayda müraciət daxil olub. VI mövsüm üzrə ümumilikdə 17 651 namizəd qeydiyyatdan keçib. Onlardan 6112 nəfəri Analitik təhlil imtahanında iştirak edib. Növbəti mərhələdə isə 1468 namizəd əyani mərhələnin son turu olan İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb.

"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

"Cebheinfo.az"