Almaniya və Türkiyə arasında əməkdaşlıq dərinləşir
Ankarada baş tutan 7-ci Türkiyə-Almaniya Enerji Forumunda Almaniya və Türkiyə arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair saziş imzalanıb.
“Cebheinfo.az” “Huriyyet Daily”-ə istinadən xəbər verir ki, forumdan sonra Türkiyə enerji naziri Alparslan Bayraktar və Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Reyxe mətbuat konfransında çıxış ediblər.
Bayraktar qeyd edib ki, Türkiyə və Almaniya enerji təhlükəsizliyi və kritik mineralların istismarı sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
Bayraktar Hörmüz boğazı ətrafında baş verən hadisələrin enerji təhlükəsizliyinə ciddi təsir etdiyini qeyd edib və bu istiqamətdə beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb:
"Hörmüz böhranı qlobal iqtisadiyyata öz təsirini göstərdi, bu baxımdan bu istiqamətdə beynəlxalq əməkdaşlıq zəuridir. Türkiyənin artan enerji ehtiyatları və infrastruktur investisiyaları təkcə öz təchizat təhlükəsizliyinə deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir”.
Türkiyənin Almaniya hökuməti və alman şirkətləri ilə, xüsusən də maliyyələşdirmə, infrastruktur və vacib minerallar sahəsində əməkdaşlığı dərinləşdirmək istədiyini deyən Bayraktar həmkarının diqqətinə çatdırıb ki, Türkiyə zəngin mineral ehtiyatlarına malikdir.
Katerina Reyxe isə öz növbəsində söyləyib ki, enerji təhlükəsizliyi təkcə iqtisadi deyil, həm də geosiyasi məsələyə çevrilib.
Reyxe Türkiyənin Avropanın enerji təchizatı təhlükəsizliyində mühüm rol oynadığını və Hörmüz boğazı ətrafında baş verən hadisələrdən sonra qarşılıqlı təmasların dərinləşməsinin və ortaq infrastruktura investisiya qoyuluşunun zəruriliyini vurğulayıb.
Katerina Reyxe həmçinin bərpa olunan enerji investisiyalarının əhəmiyyətinə toxunub və bu sahədə Türkiyə-Almaniya əməkdaşlığı üçün mühüm olduğunu deyib.
Türkiyənin regional enerji mərkəzinə çevrildiyini deyən Almaniyalı nazir Avropa İttifaqının təbii qaz idxalının təxminən 10 faizinin Türkiyədən keçdiyini də qeyd edib.
Yunis Abdullayev
“Cebheinfo.az”


