“Taliban” məmurlara smartfonlardan istifadəni qadağan etdi
Əfqanıstanda “Taliban” hakimiyyəti dövlət vəzifəlilərinin ağıllı telefon istifadə etməsini qadağan edib.
"Cebheinfo.az" xəbər verir ki, bu həftə qüvvəyə minən təlimatın yalnız yüksəkvəzifəli şəxsləri deyil, dövlət qurumlarında çalışan bütün əməkdaşları əhatə etdiyi bildirilib.
Qərara əməl etməyənlərin telefonlarının sındırılacağı və barələrində şəriət hökmləri çərçivəsində tədbir görüləcəyi qeyd olunub.
Sosial mediada yayılan görüntülərdə “Taliban” üzvlərinin topladıqları ağıllı telefonları parçaladığı əks olunub.
“Taliban” lideri Hibetullah Axundzadənin xüsusi icazəsi olmadan heç bir vəzifəlinin ağıllı telefon istifadə edə bilməyəcəyi ifadə edilib.
Əfqanıstandan gələn məlumatlar göstərir ki, tətbiq bəzi bölgələrdə dövlət vəzifəlilərini də aşaraq qadınlara, tələbələrə, müəllimlərə və səhiyyə işçilərinə də təsir etməyə başlayıb.
Mütəxəssislər qərarın gələcəkdə ölkə üzrə daha geniş qadağaların ilk addımı ola biləcəyi barədə xəbərdarlıq edirlər.
“Taliban” hakimiyyəti son dövrdə internetə çıxışı da məhdudlaşdırmağa çalışıb. Keçən il ölkə üzrə iki gün davam edən internet kəsintisi tətbiq edilmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"


