Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar

Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar

Azərbaycanda 500 mindən çox sənədsiz ev var və bu problemin həlli üçün xüsusi proqram qəbul edilərək amnistiya elan olunmalıdır.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Kamal Cəfərov deyib.

Deputat bildirib ki, hesabatdan hüquqi şəxslərin əmlak vergisi üzrə 36,9 milyon manat, dövlət rüsumları üzrə isə 57,8 milyon manat az icranın qeydə alındığı görünür. 

Onun sözlərinə görə, sənədsiz evlər probleminin həlli bu gəlirlərin əhəmiyyətli dərəcədə artmasına imkan yarada bilər.

Kamal Cəfərov qeyd edib ki, sənədsiz evlərdə yaşayan vətəndaşlar qeydiyyata düşə, dövlət xidmətlərindən tam istifadə edə, evlərini girov qoyaraq kredit götürə və ya əmlakı vərəsəlik yolu ilə problemsiz ötürə bilmirlər.

Deputat vurğulayıb ki, bu gün sənədsiz evlər bazar dəyərindən 20-30 faiz ucuz satılır və banklar tərəfindən girov kimi qəbul edilmir:

“Nəticədə vətəndaşlar öz əmlakını iqtisadi dövriyyəyə cəlb etmək imkanından məhrum olurlar”.Kamal Cəfərov Türkiyənin 2018-ci ildə həyata keçirdiyi "İmar Barış" proqramını nümunə göstərərək bildirib ki, nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda və mübahisəli ərazilərdə yerləşən evlər istisna olmaqla, digər sənədsiz evlərə çıxarış verilə bilər:

“Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün – şəhərsalma və memarlıq ilində – amnistiya elan edilsin, bununla bağlı xüsusi proqram qəbul olunsun və məsələ mərhələli şəkildə həll edilsin".

Qeyd edək ki, sənədsiz evlərə “kupça” verilməsi ilə bağlı məsələ uzun müddətdir müzakirə olunmasına baxmayaraq, bu istiqamətdə müsbət nəticə əldə edilmir. 

Həmin evlərə çıxarışların verilməsi, yaxud amnistiya elan edilməsi aktual olaraq qalır. Bu məsələnin artıq  Parlamentdə müzakirəyə çıxarılması problemin həllinə gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı daşınmaz əmlak eksperti Anar Nəsirov "Cebheinfo.az"-a bildirib ki, bu gün Azərbaycanda ən aktual mövzu sənədsiz evlərlə bağlıdır:

“Əgər Milli Məclisin deputatı iclasda 500 min sənədsiz evin olduğunu səsləndirirsə, bu o deməkdir ki, ondan da çox ola bilər. Əslində burada yalnız vətəndaşların problemi deyil, həm də dövlət büdcəsinə hər il milyonlarla vəsaitin az daxil olmasından danışa bilərik.

Bu istiqamətdə vətəndaşların bir çox problemləri var ki, onlardan biri 2023-cü il oktyabrın 1-dən sənədsiz evlərə kommunikasiya xətlərinə qoşulması qadağan edilib. Digər tərəfdən də bu sənədsiz evlərə vətəndaşlar qeydiyyata düşə bilmirlər. 

Bu da vətəndaşlar üçün bir çox çətinliklər yaradır. Belə ki, hər hansı arayışın alınması, istər sığorta, istərsə də dövlət tərəfindən imtiyazlardan, yaşadıqları ərazidəki poliklinika və yaxud digər xidmətlərdən yararlana bilməməsi kimi amillər vətəndaşlara problemlər yaradır.

Yaxud vətəndaş əlində illərdir ki, topladığı vəsaitlə ev tikib, ancaq orada kommunal xətlər yoxdur. Digər tərəfdən də həmin evlərin sənədsiz olmasının dövlətə də zərərləri var. Məsələn, hər il dövlət büdcəsinə milyonlarla  az vəsait daxil olur.

Onu da nəzərə alsaq ki, çıxarışı olmayan evlər hüquqi əsas yaratmadığı üçün hər il kirayə verilən mənzillərdən ümumi kirayə pulunun 10 faizi qədər vergi verməlidirlər. Bu zaman da vətəndaşın əlində qanuni çıxarış olmadığına görə qarşı tərəflə müqavilə bağlaya bilmir və vergi verə bilmir.

Eləcə də sənədsiz olduğu üçün alqı-satqı edilə bilmir. Ancaq hər hansı qeyri-qanuni yollarla da olsa evlər alqı-satqı olunur. Halbuki bu evlərin qanuni “kupça”sı olsaydı, Azərbaycan qanunlarına görə, əgər 3 il bir evdə yaşamamısansa, 30 faiz çıxmaqla, yerdə qalan sahəsinə vergi tətbiq olunur.  

Digər tərəfdən bu evlər sığorta oluna bilmir. Çünki evin sənədi olmadığı üçün bunu tətbiq etmək mümkün olmur. Digər tərəfdən alqı-satqı zamanı əmlakın ümumi dəyəri yazılaraq banka daxil olur və bank ümumi vəsaitdən öz xidmət haqqını götürür.

Burada bir çox xidmət haqları var. Hər hansı xidmət haqqı və ya rüsum ödənilirsə, dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. Ancaq vətəndaşlar evlərinin çıxarışı olmadığı üçün bu proseslər kənardan reallaşdığına görə, dövlət büdcəsinə heç bir vəsait daxil olmur. Bu evlər konkret olaraq çıxarış olmadığı üçün vətəndaşlar torpaq və əmlak vergisindən yayınırlar”. 

Ekspertin sözlərinə görə, əgər həmin evlərə amnistiya verilərsə, hər il istər vergi, istər alqı-satqı yolu, istərsə də kirayə və digər amillərlə bağlı dövlət büdcəsinə vəsaitin daxil olmasına gətirib çıxarar:

“Nəzərə alsaq ki, həmin evləri də vətəndaşlar uzun müddətdə tikiblər, orada doğulan uşaqlar artıq ata-ana olublar. Yəni bu problemin başqa həll yolu yoxdur. İstər əfv olsun, istər başqa bir qərar üzərindən çıxarış verilsə, daha yaxşı olar.

Daha sonra qaydalar möhkəmləndirilsin. Amnistiya zamanı isə simvolik olaraq bu evlərə özəlləşdirilmə olsa, bu da dövlət büdcəsinə müəyyən vəsaitin daxil olmasına gətirib çıxarar. 

Qeyd etdiyim arqumentlərdən də göründüyü kimi hər il dövlət bücdəsinə az vəsait daxil olur. Hər hansı bir qərarın, əmlak haqqında amnistiyanın verilməsi vətəndaşlarla yanaşı dövlət büdcəsinə olduqca böyük xeyir gətirə bilər”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”