Sülhə qarşı növbəti təxribat
Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmağa çalışan qüvvələr yenə də fəallaşıblar.
Bu dəfə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanla Azərbaycan arasında sülh platformasına mane olmaq üçün cəhd edib. Belə ki, bu qurum dörd günlük aprel döyüşləri ilə bağlı işlər üzrə ilk qərarını açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə AİHM-in saytında məlumat yayılıb.
Qərarda Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan, qeyri-obyektiv və təsdiqini tapmayan iddialar yer alıb. Avropa Məhkəməsi 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın guya erməni hərbçisinin ( harada və niyə? - red.) yaşamaq hüququnu, eləcə də işgəncəyə dair qadağaları pozduğuna dair qərar çıxarıb.
Avropa Məhkəməsinin bu addımı adıçəkilən instansiyanın erməni diasporunun və lobbisinin əlində siyasi oyuncaq olduğunu göstərir. Çünki Avropa Məhkəməsi bu qərarı çıxararkən Azərbaycan tərəfinin mövqeyini nəzərə almayıb və Ermənistanı üçüncü tərəf kimi göstərib.
Lakin məlumdur ki, aprel döyüşləri Azərbaycan ərazilərini işğal etmiş Ermənistan ordusunun hərbi təxribatı nəticəsində baş verib. Yəni hərbi əməliyyatlar Azərbaycan ərazisində gedib. Avropa Məhkəməsi öz qərarı ilə Ermənistan ordusunu müdafiə etməklə işğal faktına bəraət qazandırıb.
Eyni zamanda, özünü insan haqlarının beynəlxalq müdafiəçisi kimi təqdim edən Avropa Məhkəməsi bir suala aydınlıq gətirməyib ki, Ermənistan əsgərinin Azərbaycan ərazisində - Füzulidə, Ağdamda, Tərtər istiqamətində nə işi var idi? Nəyə görə Ermənistan ordusu Azərbaycan ərazisində müharibə aparmalıdır?
Göründüyü kimi, Avropa Məhkəməsi bu faktların üzərindən sükutla keçib. Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisində deyil, öz torpağında işğalçılara qarşı döyüşüb. Beynəlxalq hüquq isə buna icazə verir.
Bütün bunlar göstərir ki, qərar qərəzlidir və Azərbaycanla Ermənistan arasında formaslaşmaqda olan sülh prosesini pozmaq məqsədi daşıyır. Həm erməni diasporu, həm də bir sıra Qərb ölkələri Ermənistan və Azərbaycan arasında sülhün bərpa olmasına müxtəlif üsullarla mane olmağa çalışırlar.
Sözdə Avropa qurumları sülh prosesini dəstəklədiklərini bəyan etsələr də, Azərbaycana qarşı çirkin oyunlar qurur, ikili standartlardan əl çəkmək istəmirlər. Qeyd edək ki, 2016-cı ilin aprel döyüşləri zamanı Ermənistanda keçmiş “Qarabağ klanı” adlanan qüvvələr və Azərbaycan ərazilərinin işğalında şəxsən iştirak etmiş Serj Sarkisyan prezident olub.
Əgər həmin vaxt Avropa Məhkəməsinin qərarında göstərdiyi kimi, Ermənistan əsgərlərinə qarşı xüsusi amansızlıq olsaydı, hakimiyyətdə olan radikal qüvvələr bunu Azərbaycan əleyhinə siyasi kampaniyaya çevirərdilər.
Lakin həmin vaxt bir dəfə də olsun bu barədə hər hansı fakt göstərilməyib. 10 il sonra Avropa Məhkəməsinin məhz indi aprel döyüşlərinə qayıtması sadəcə Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurmağa xidmət edir.
Müşfiq Abdulla
“Cebheinfo.az"

