Beynəlxalq hava limanına hücum: Çox sayda ölü var

Beynəlxalq hava limanına hücum: Çox sayda ölü var

Nigerin paytaxtı Niameydəki Diori Hamani Beynəlxalq Hava Limanına dünən 22 silahlı şəxs tərəfindən hücum təşkil edilib. 

Qaçan hücumçuları yaxalamaq üçün hadisədən sonra hava limanının ətrafı təhlükəsizlik qüvvələri tərəfindən bağlanıb və ərazidən çıxan bütün nəqliyyat vasitələri yoxlanılıb. Ölkədə 5 aydan qısa bir müddətdə ikinci dəfə törədilən bu hücumda 35 nəfərin həyatını itirdiyi açıqlanıb. 

"Cebheinfo.az" xəbər verir ki, Niger Müdafiə Nazirliyindən verilən bəyanatda ölənlərdən 22-nin hücumçu, 11-nin hərbçi, 2-nin isə mülki şəxs olduğu bildirilib. Açıqlamada hücum zamanı zərərsizləşdirilən 22 terrorçu ilə yanaşı, daha 4 hücumçunun yaralandığı, hadisə ilə əlaqəsi olduğu müəyyən edilən 20 nəfərin isə yaxalandığı qeyd olunub. 

Bundan əlavə, RPG-7 qumbaraatanları, AK-47 avtomatları, partlayıcı maddələr, əl qumbaraları, rabitə avadanlıqları və minlərlə patron daxil olmaqla çoxlu sayda silah-sursatın ələ keçirildiyi vurğulanıb. 

Şahidlər isə səhər saatlarında güclü partlayış səsləri eşitdiklərini ifadə ediblər. Hərbi bazanın da yerləşdiyi hava limanının yaxınlığında yaşayan Lavalli Tsalha yerli vaxtla təxminən saat 06:00 radələrində şiddətli bir partlayış səsi eşitdiklərini bildirərək "Sanki nəyinsə, bəlkə də bir təkərin partlaması kimi bir səs idi. 

Nə baş verdiyini ancaq bir qədər sonra anladıq", – deyib. Qeyd edək ki, Nigerdə yanvar ayında İŞİD terror təşkilatı ilə əlaqəli bir qrup eyni hava limanına hücum etmişdi. 4 hərbi qulluqçunun yaralandığı həmin hadisədə 20 hücumçu öldürülmüşdü. 

Nigar Hacılı 
"Cebheinfo.az"