Komitə sədrinin təklifinə etiraz: “Müharibə şəraiti deyil ki...”

Komitə sədrinin təklifinə etiraz: “Müharibə şəraiti deyil ki...”

Son illər bölgələrdə həm həkim məntəqələri, həm də həkim çatışmazlığı ilə bağlı problem özünü göstərir.

Bunun nəticəsində xəstələr kütləvi şəkildə Bakıya gələrək paytaxtdakı həkimlərə müraciət etməli olurlar. Bu isə müxtəlif problemlərə yol açır.

Belə ki, xəstə sayının çoxluğu xəstəxanalarda uzun növbələrin yaranmasına gətirib çıxarır. Eləcə də rayondan Bakıya uzaq məsafə qət edən xəstələrin səhhətində problemlər daha da artır.  

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, regionlarda həkim çatışmazlığı var, çünki orada ilkin səhiyyə xidməti çox bərbad haldadır.

Onun sözlərinə görə, bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi xidmət göstərəcək müəssisələrin vəziyyəti ürəkaçan deyil:
 
"Bu məsələni dəfələrlə aidiyyəti qurumların qarşısında qaldırmışıq. Bərdədə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu. İlk vaxtlar bu layihə yaxşı işləyirdi.

Ancaq təəssüf ki, həmin sahədə gözlənilən qədər irəliləyiş əldə olunmayıb. İlkin səhiyyə xidmətinin vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramovla da müzakirə aparmışıq.

Regionlarda modul tipli tibb məntəqələrinin yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşdıq. Elə kəndlər var ki, vaxtında müdaxilə edilmədiyindən xəstələri itiririk".

Komitə sədri bildirib ki, uzun müddət bu sahədə aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycan Tibb Universitetini (ATU) bitirən, lakin rezidentura təhsili almamış həkimlərin regionlara göndərilməsi nəzərdə tutulur.

Rezidentura təhsili almamış həkimlər regionlara göndərildiyi təqdirdə peşəkarlıq az olduğu üçün bu yenə də xəstələrin Bakıya üz tutmasına gətirib çıxarmayacaqmı?

Məsələ ilə bağlı həkim-terapevt Rasif Bağırov “Cebheinfo.az”-a bildirib ki, insan təhsilini tam başa vurmadan hansısa problemin həlli məqsədilə ondan istifadə etmək düzgün deyil:

“Azərbaycan Tibb Universitetindən hər il kifayət qədər məzun olur. Həmin tələbələrin təyinatı məsələsi var. Əgər bölgələrdə həkim çatışmazlığı varsa, istənilən həkim gedib orada çalışa bilər.

Ancaq ona lazımi səviyyədə əməkhaqqı verdikdə, şərait yaratdıqda gedib işləyər. Rezidenturanı bitirən də gedib işləyə bilər. Yoxsa kimlər rezidenturaya qəbul ola bilməyəcəksə, gedib rayonda işləməsi ilə bağlı yanaşma doğru deyil.

Belə çıxır ki, rayonda mükəmməl həkim yox, orta səviyyəli həkimlər işləyəcək. Bu, məsələnin həlli deyil. Problemin həlli üçün normal maaş verilsə, həkimlər də orada çalışmaqda maraqlı olar.

Bu gün rayonda çalışmayıb, Bakıya gələn, ixtisası üzrə işləməyib başqa sahələrdə çalışan həkimlərin funksiyası ondan ibarətdir ki, onlar çalırşırlar ehtiyaclarını ödəyə biləcək yerdə işləsinlər, ailəsini dolandırsınlar.

Səhiyyə Nazirliyinin və ya TƏBİB-in kadrlar şöbəsi var və konkret olaraq ərazi üzrə harada boş yerlərin siyahısı var. Eyni zamanda bütün rayonlardan ATU-nu bitirən həkimlər var. 

Əvvəllər Azərbaycana xaricdən heç bu qədər həkim gəlmirdi və ATU-nu bitirən məzunların sayı da eyni qalıb. Ancaq belə olduğu halda məzunlar heç iş tapmırdı, hazırda isə yer boşdu? Bu bir qədər paradoksdur.

Ya maaş azdır, bölgəyə gedən həkim özünü təmin edə bilmir, ya da təyinatla bağlıdır. İndi universiteti bitirənləri yenidən imtahana cəlb edirlər. Həkim çatışmazlığını yerlərdə və burada axtarmaq lazımdır. Həkimlərin çoxu bu gün rezidenturaya daxil ola bilmirlər.

Çünki Azərbaycanda rezidenturaya qəbul imtahanı Türkiyədən qat-qat çətindir. Bütün bunları Azərbaycanın tələblərinə uyğun şəkildə həll etmək lazımdır. Rezidenturaya qəbul ola bilmirsə, uzun müddət əziyyət çəkib oxuması nəticəsiz qalır.

Rayondan şəhərə gələn həkimlərin də heç hamısı Bakıda iş tapa bilmirlər. Onlar sadəcə məcburiyyətdən həkim kimi yox, başqa sahələrdə çalışırlar. 

Yaxud da kiminsə bacarığı varsa, çalşır ki, gedib başqa ölkələrdə imtahan verib orada çalışsınlar.

Yoxsa müharibə şəraiti deyil ki, həkimlər təhsilini tam başa vurmamış çalışmaq üçün bölgələrə göndərilsin”.

Nigar Abdullayeva
“Cebheinfo.az”