IsDB Qrupunun növbəti İllik Toplantılarına sədrlik Burkina-Fasoya ötürülüb
İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarına sədrlik Azərbaycandan Burkina-Fasoya ötürülüb.
"Report" xəbər verir ki, Burkina-Faso IsDB-nin 52-ci İllik Toplantısı üçün Müvəkkillər Şurasının sədri seçilib. Növbəti illik toplantıların 2027-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilməsi planlaşdırılır.
Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantılarının yekun plenar iclasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin təşkilinə və keçirilməsinə töhfə verən bütün tərəflərə təşəkkür edib.
Nazir IsDB Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirə, Bankın rəhbərliyi və əməkdaşlarına, üzv ölkələrin nümayəndələrinə, təşkilatçı komandalara, könüllülərə və tərəfdaşlara minnətdarlığını bildirib. O, toplantıların Bakıda yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib və 2026-cı il İllik Toplantılarını bağlı elan edib.
Qeyd edək ki, iyunun 16-19-da Bakıda "Dayanıqlı rifah naminə regional inteqrasiya" devizi altında IsDB Qrupunun illik toplantıları keçirilib. Tədbirlərdə Banka üzv olan 57 ölkənin dövlət rəsmiləri, inkişaf institutlarının nümayəndələri, maliyyə sektoru rəhbərləri və ekspertlər iştirak ediblər.
Azərbaycan IsDB Qrupunun İllik Toplantılarına ikinci dəfə ev sahibliyi edib. Ölkə bu tədbiri ilk dəfə 2010-cu ildə keçirib.
"Cebheinfo.az"

