Görüşmədilər: Müharibədə, yoxsa sülhdə "taym-aut"?

Görüşmədilər: Müharibədə, yoxsa sülhdə "taym-aut"?

Xəbər verdiyimiz kimi, ABŞ və İran arasında bu gün İsveçrədə keçirilməsi planlaşdırılan görüş ləğv edilib. 

Belə ki, Ağ Ev gecə saatlarında yayımlanan açıqlamada İsveçrədəki görüşdə ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək vitse-prezident Ceyms Devid Vensin səfərini ləğv etdiyini açıqlayıb və əlavə edib ki, bu danışıqların logistikası heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb.

İran hələlik görüşün ləğvi ilə bağlı rəsmi açıqlama verməsə də, Tehran administrasiyasının İsrailin Livanda davam edən hərbi əməliyyatlarına etiraz olaraq İsveçrənin Cenevrə şəhərində keçirilən vacib danışıqlarda iştirak etməkdən imtina etdiyi iddia edilir.

Tehran artıq hücumların dayandırılmadığı təqdirdə bu həftənin əvvəlində imzalanmış tarixi anlaşma memorandumundan tamamilə geri çəkilə biləcəyinə dair siqnal vermişdi.

“Cebheinfo.az”-a danışan politoloq Tural İsmayılov bildirib ki, ABŞ–İran görüşünün təxirə düşməsi anlaşmanın tam formalaşmadığını göstərir.

O qeyd edib ki, Vaşinqton və Tehran arasında etimad hələ də yetərli deyil:

"ABŞ və İran arasında nəzərdə tutulan görüşün baş tutmaması tərəflər arasında razılıq və anlaşmanın tam formalaşmadığını göstərən mühüm siqnaldır. Görünən odur ki, müəyyən məsələlər üzrə ilkin təmaslar və fikir yaxınlaşmaları mövcud olsa da, yekun siyasi qərarların qəbul edilməsi üçün zəruri olan qarşılıqlı etimad hələ də kifayət qədər deyil. Bu isə danışıqlar prosesinin mürəkkəb və həssas xarakter daşıdığını təsdiqləyir".

Politoloq əlavə edib ki, diplomatik görüşün baş tutmaması razılaşmanın olmadığını göstərir:

"Əslində, diplomatik praktikada görüşün keçirilməsi özü də müəyyən razılaşmaların nəticəsi olur. Görüş baş tutmadıqda isə bu, adətən gündəlik, şərtlər və ya tərəflərin gözləntiləri ətrafında fikir ayrılıqlarının qaldığını göstərir. ABŞ və İran münasibətlərində uzun illərdir yığılıb qalan etimadsızlıq fonunda hər hansı anlaşmanın əldə olunması kifayət qədər çətin prosesdir".

Tural İsmayılov vurğulayıb ki, görüşün təxirə düşməsi razılığın yetişmədiyini göstərir, dialoq isə davam edir:

"Bununla belə, görüşün təxirə salınması və ya baş tutmaması dialoqun tam dayanması anlamına gəlmir.Tərəflər çox zaman daha əlverişli şərtlər formalaşdırmaq, mövqelərini gücləndirmək və əlavə təminatlar əldə etmək üçün bu cür taktiki addımlara əl atırlar.

Ona görə də hazırkı vəziyyət daha çox danışıqların nəticəsiz qalmasından deyil, razılığın hələ tam yetişməməsindən xəbər verir. Yaxın dövrdə tərəflərin yenidən təmaslara qayıtması ehtimalı yüksək olaraq qalır". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"