Konstitusiya Məhkəməsi borc müqaviləsinə dair parlamentə tövsiyə ünvanlayıb
Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Konstitusiyanın 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, rəyləri və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Konstitusiyanın 13, 29 və 60-cı maddələrinin, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə olunsun.
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Konstitusiya Məhkəməsi Plenumunun qərarının 2-ci bəndi qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
"Cebheinfo.az"

