Yeniyetmələrin peşə seçiminə dəstək verən maarifləndirici görüş keçirilib - FOTOLAR

Yeniyetmələrin peşə seçiminə dəstək verən maarifləndirici görüş keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən icra olunan  “Peşəni seç, gələcəyinin memarı ol” layihəsi çərçivəsində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, Binə Atçılıq yaşayış massivində  yerləşən  292 saylı tam orta məktəbdə 14 may 2026-cı il tarixində ictimai birliyin nümayəndələri, məktəb rəhbərliyi və yeniyetmələrin iştrakilə  maarifləndirici görüş keçirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri, eyni zamanda  ictimai birliyin sədri Namiq İnşallahoğlu  layihənin donoru, onu  icra edən ictimai birliyi və layihənin əsas məqsədləri barədə ətraflı məlumat verərək bildirdi  ki, gənclərin bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarına hazırlanması və gələcək karyeralarının düzgün istiqamətləndirilməsi bu kimi layihələrin əsas prioritetlərindəndir.

Tədbirdə iştirak edən əməkdar pedaqoq  Sevinc Əliyeva isə gənclərə milli-mənəvi dəyərlərin, təhsilin və mütaliənin əhəmiyyətindən danışıb. O, Azərbaycan tarixindən və görkəmli şəxsiyyətlərin həyat yolundan nümunələr gətirərək gənclərə motivasiyaedici tövsiyələr verib, onların gələcək həyat və peşə seçimində məqsədyönlü olmalarının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən təlimçi fəlsəfə doktoru  Qədim Qubadov iştirakçıları salamlayaraq onlara  gələcəyin peşələri, əmək bazarında tələb olunan ixtisaslar, uğurlu karyera quruculuğunun əsas prinsipləri, şəxsi inkişaf, motivasiya, düzgün karyera planlaması və əmək bazarında uğur qazanma yolları barədə praktiki tövsiyələr verərək, onları maraqlandıran suallar cavablandırdı.

Qeyd olundu ki, layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən gənclər siyasəti, insan kapitalının inkişafı, məşğulluğun artırılması və gənclərin peşə bacarıqlarının formalaşdırılması istiqamətində müəyyən edilmiş dövlət proqramları və təşəbbüslərinə uyğun olaraq icra edilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına və onların sosial fəallığının artırılmasına mühüm töhfə verir.

Tədbirin ikinci hissəsində sertifikatların təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Azərbaycan dili müəllimi, əməkdar pedaqoq Sevinc Əliyeva iştirakçıları salamlayaraq peşə seçimi və şəxsi inkişaf mövzularında hazırlanmış inşa materiallarının əhəmiyyəti barədə ətraflı məlumat verib. Daha sonra layihə çərçivəsində fəal iştirak edən yeniyetmə və gənclərə sertifikatlar təqdim olunub.

Daha sonra 292 saylı tam orta məktəbin direktoru Minurə Nuriyeva  belə layihələrin davamlı keçirilməsinin gənclərin öz bacarıq və maraqlarını daha yaxından tanımasına, düzgün peşə seçimi etməsinə və gələcək karyeralarını daha planlı şəkildə qurmasına  əhəmiyyətli dərəcədə dəstək verdiyini bildirərək Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Sosial İslahatlara Dəstək” İctimai birliyini nümayəndələrinə dərin təşəkkürünü bildirdi.

Təltif olunan iştrakçılarla xatirə şəkili çəkdirildi.

"Cebheinfo.az"