Spikerdən sərt mesaj: "ABŞ-yə etimad yoxdur"
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Hörmüz boğazı artıq heç vaxt müharibədən əvvəlki şərtlərə qayıtmayacaq və beynəlxalq qaydalar çərçivəsində göstərilən xidmətlərə görə gəmilərdən ödəniş alınacaq.
"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasına danışan Qalibaf ABŞ ilə əldə olunan razılaşma ilə bağlı sualları cavablandırıb:
“Müharibənin ortasında bir paylaşım etmiş və "Hörmüz boğazı artıq heç vaxt əvvəlki şərtlərinə qayıtmayacaq" demişdim. Bu gün də eyni fikirdəyəm”.
Hörmüz boğazında beynəlxalq hüquqa və dənizçilik qaydalarına zidd addımlar atmayacaqlarını bildirən Qalibaf əlavə edib: “Biz beynəlxalq hüquq çərçivəsində hərəkət edəcəyik. Beynəlxalq hüquqa görə boğazlara sahili olan ölkələrin həm hüquqları, həm də öhdəlikləri var.
Bu hüquqlardan biri də göstərdikləri xidmətlər müqabilində digər ölkələrdən ödəniş almaqdır”.
Qalibaf razılaşmanın imzalanmasına baxmayaraq, ABŞ administrasiyasına etimadsızlığın davam etdiyini vurğulayıb:
“Yekun razılaşma əldə olunsa və hətta bu saziş BMT Təhlükəsizlik Şurasının qərarı ilə təsdiqlənsə belə, yenə də tam etibarlı sayılmır”.
O qeyd edib ki, sənəddə İrana ödənilməsi nəzərdə tutulan 300 milyard dollarlıq müharibə təzminatı “yenidənqurma və iqtisadi inkişaf” ifadələri ilə yer alıb:
“Razılaşma mətnində üzərimizə götürdüyümüz hər bir öhdəlik "addıma qarşı addım prinsipi əsasında qəbul edilib. 13-cü maddə də məhz bu prinsipə uyğun hazırlanıb. Əgər ABŞ öz öhdəliklərini yerinə yetirməsə, biz də heç bir addım atmayacağıq”.
Nigar Hacılı
"Cebheinfo.az"

