Deputat: “Prezidentin səsləndirdiyi fikirlər həm də gələcəyə hesablanıb”

Deputat: “Prezidentin səsləndirdiyi fikirlər həm də gələcəyə hesablanıb”

"Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir". 

Bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib. Dövlət başçısı Azərbaycanın xarici borcları ilə bağlı müəyyən işlər gördüklərini, son illər ərzində nailiyyətlər əldə olunduğunu bildirib: 

"Bu gün xarici borc Azərbaycan ÜDM-nin yalınız 6 %-ni təşkil edir. Biz yenidən vəsaitləri cəlb etməyə başlamışıq. Burada ilk maliyyə təsisatlarından biri İslam İnkişaf Bankı Qrupu idi. 

Çünki bizim həmin təsisatla çox güclü əlaqələrimiz var, müştərək tariximiz mövcuddur. Biz yekun nəticədə qeyri-neft sektoruna əlavə dəyər verəcəyik". 

Prezident İlham Əliyev vurğulayıb ki, xarici borcun səviyyəsinin aşağı olması üstünlükdür: 

"Biz daha çox bununla bağlı vəsait cəlb edə bilərik. Lakin ehtiyatlı olmalıyıq. Bizim xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Düşünürəm ki, bu baxımdan Azərbaycan aparıcı ölkələr sırasındadır, sabit maliyyə vəziyyəti var, tarazlaşmış büdcəsi mövcuddur". 

Millət vəkilləri, iqtisadçılar da ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımların effektivliyini bildirirlər. Mİllət vəkili Tahir Rzayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan Prezidentinin Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində söylədiyi fikirlər reallığa əsaslanır: 

“Azərbaycan iqtisadi cəhətdən inkişaf edən bir ölkədir. Davamlı və dayanıqlı iqtisadi inkişaf çox vacib məsələlərin həllinə imkan yaradıb. Həqiqətən də Azərbaycan iqtisadiyyatı inkişafda olmasaydı, biz az bir müddət ərzində işğaldan azad olunmuş ərazilərə 29 milyard manat vəsait sərf edə bilməzdik və həmin ərazilərdə çox möhtəşəm bərpa, quruculuq, abadlıq işlərinin görülməsi mümkün olmazdı. 

Cənab İlham Əliyevin səsləndirdiyi fikirlər həm də gələcəyə hesablanıb və “Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı çətinlik gözlənilmir” fikri bugünkü inkişafın əsasında səsləndirilir. 

Ölkənin valyuta ehtiyatlarının ildən-ilə artması və xarici borcumuzu 20 dəfə üstələməsi göstərir ki, Azərbaycan iqtisadiyyatı inkişafdadır. Bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirilir. Bunu yalnız Azərbaycan Prezidenti demir. 

Azərbaycandakı iqtisadi inkişafa, maliyyə durumuna, beynəlxalq maliyyə təşkilatları tərəfindən də çox yüksək qiymət verilir”. 

Deputat bildirib ki, vəziyyət daim diqqətdə olmaqla beynəlxalq təşkilatlar ölkədəki gedişi, hadisələri diqqətlə izləyir və bunu obyektiv olaraq dəyərləndirirlər: 

“Ölkə rəhbərinin bu gün Azərbaycanın aparıcı dövlətlər sırasında olması fikrinə gəlməsi, sabiq maliyyə vəziyyətinin mövcudluğu, büdcənin formalaşdırılması istiqamətində söylədiyi fikirlər reallığa söykənir və inkaredilməzdir”. 

Millət vəkilinin sözlərinə görə, bu gün ölkədə iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir: 

“Bugünlərdə dövlət rəhbərinin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə, eləcə də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-c u illər üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan məsələlər bilavasitə ölkə iqtisadiyyatının inkişafına, insanların rifah halının yaxşılaşdırılmasına hesablanıb. 

Bu istiqamətdə işlərə artıq başlanılması göstərir ki, dövrün tələbləri lazımi qaydada nəzərə alınır, mövcud vəziyyət qiymətləndirilir və inkişaf üçün lazım olan vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 

Reallıqların qiymətləndirilməsi, vəziyyətdən çıxış yolunun düzgün araşdırılması Azərbaycan iqtisadiyyatının inkişafı üçün bir əsasdır, təməldir. Bu baxımdan, görülən işlər qiymətləndirilməlidir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”