Qarabağ Universitetinin tələbələri qalib olublar
Qarabağ Universitetinin tələbələri ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Vergilər” mövzusunda ümumrespublika olimpiadasında yüksək nəticələr əldə ediblər.
“Cebheinfo.az” xəbər verir ki, Elm və Təhsil Nazirliyi və Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təşkil olunan olimpiadanın final mərhələsi Dövlət Vergi Xidmətinin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində keçirilib.
Final mərhələsində 59 tələbə iştirak edib və nəticələrə əsasən qaliblər müəyyənləşdirilib. Qarabağ Universitetinin tələbələri Əli Yusibov birinci, Əbdülkərim Babayev ikinci yerə layiq görülüblər.
Qalib tələbələr diplom və hədiyyələrlə təltif olunublar. Eyni zamanda, universitet nümayəndələrinə diplomlar, olimpiadanın digər iştirakçılarına isə sertifikat və hədiyyələr təqdim edilib.
Olimpiadanın keçirilməsində əsas məqsəd tələbələr arasında vergi mədəniyyətinin və maliyyə savadlılığının təşviqi, vergi sahəsinə marağın artırılması, eləcə də bu istiqamətdə bilik və bacarıqların inkişaf etdirilməsidir.
Bununla yanaşı, təşəbbüs gənclərin vergi sistemi və qanunvericiliyi barədə məlumatlılığının artırılmasına, analitik düşünmə və peşəkar bacarıqlarının gücləndirilməsinə, gələcəkdə isə bu sahə üzrə ixtisaslaşmış insan kapitalının formalaşmasına töhfə verməyi hədəfləyir.
Qeyd edək ki, ümumrespublika olimpiadasında ölkənin 29 ali təhsil müəssisəsini təmsil edən ümumilikdə 352 tələbə iştirak edib. İştirakçılar vergi sistemi və vergi qanunvericiliyi üzrə hazırlanmış test suallarını cavablandırıblar.
Nigar
“Cebheinfo.az”

