Bakı Tikiş Evi: “Müəllim uşaq deyil ki, vahid forması olsun"
Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır.
Məsələ Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsasın yaradılması dövlət ümumi təhsil müəssisələrində peşəkar iş mühitinin və təşkilati mədəniyyətin daha da gücləndirilməsinə xidmət edir.
Müəllim yalnız bilik və bacarıqları şagirdlərə ötürən şəxs deyil, eyni zamanda davranışı, ünsiyyət mədəniyyəti və peşəkar görünüşü ilə onlar üçün nümunə rolunu oynayır.
Bu baxımdan, müəllimin işgüzar üslubda geyinməsi onun peşəkar statusunu, məsuliyyətini və təhsil müəssisəsinin nümayəndəsi kimi daşıdığı missiyanı daha dolğun ifadə edir. Bildirilir ki, səliqəli, sadə və işgüzar geyim müəllimin pedaqoji fəaliyyətinin səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Belə görünüş dərs prosesində diqqətin əsas məqsəddən yayınmasının qarşısını alır, müəllimin sinfi idarəetmə bacarıqlarını və ünsiyyət effektivliyini dəstəkləyir.
Vurğulanır ki, müəllimin geyimi onun gündəlik fəaliyyətinin xarakterinə uyğun, rahat və praktik olmaqla yanaşı, məktəbin peşəkar mühitini əks etdirən xüsusiyyətlərə malik olmalıdır.
Layihədə qeyd edilir ki, müəllimlər üçün vahid işgüzar yanaşmanın tətbiqi məktəblərdə korporativ idarəetmə mədəniyyətinin inkişafına da mühüm töhfə verəcək. Peşəkar görünüş müəllim kollektivində komanda ruhunun, qarşılıqlı həmrəyliyin və ortaq təşkilati dəyərlərin güclənməsinə xidmət edir.
Şagirdlər üçün məktəbli forması məktəb kimliyinin və aidlik hissinin ifadəsi olduğu kimi, müəllimlər üçün də işgüzar geyim təhsil müəssisəsinin korporativ mədəniyyətinin, peşəkar davranış standartlarının və institusional dəyərlərinin mühüm tərkib hissəsi hesab olunur.
Artıq bir neçə ildir ki, şagirdlər vahid məktəbli formasından istifadə edirlər. Adətən yeni tədris ili başlayanda Bakı Tikiş Evinin istehsalı olan məhsullara daha çox müraciət olur. 2025-2026-ci tədris ili başa çatır.
Bu tədris ilində şagirdlər məktəbli forması ilə tam təmin edilibmi və əgər müəllimlər üçün vahid forma sifarişi olarsa, Bakı Tikiş Evi bunun öhdəsindən gələ bilərmi?
Məsələ ilə bağlı Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov “Cebheinfo.az”-a bildirib ki, fabrikdə məhsul istehsalı mövsümlə bağlı olmur:
![]()
“Yəni davamlı olaraq istehsal prosesi gedir. Hansı məhsul qurtarırsa, yenə tikib, hazır qoyuruq. Hər zaman mağazalarımızda satışda məktəbli forması var. Adətən yeni dərs ilinin əvvəlində bir qədər ajiotaj olur. Alıcıların sayında artım müşahidə edilir. Ancaq ilboyu proses davam edir.
Çünki uşaqlar eyni ölçüdə qalmırlar, böyüyürlər. Eləcə də çəkilərində dəyişiklik olur. Yaxud paltar sökülür. Yəni xarab olduqda artıq yenisini almaq lazımdır. Ona görə də ilboyu məktəbli formaları satışda var”.
Şöbə müdirinin sözlərinə görə, müəllimlərə vahid forma tikilməsinə gəldikdə, bu məsələ uzun müddətdir müzakirə olunur:
“Bu, mümkün olan deyil. Müəllim uşaq deyil. Digər peşələr, gömrük, polis işçiləri üçün uniforma olur. Müəllim üçün niyə uniforma olmalıdır? 2010-cu ildən məktəb formaları tətbiq olunmağa başlayıb. O vaxtdan da müəllimlər üçün vahid geyim forması ilə bağlı söhbətlər gedirdi.
Əgər Milli Məclis qərar versə, ola bilər. Ancaq kiminsə təklifi ilə reallaşması çətindir. Bizim fabrikdə Azərbaycan Ordusunun, polisin də uniformaları tikilib. Bu, tarixi olan, böyük fabrikdir. Hər bir sifarişə gücümüz var. Əgər sifariş olsa, biz tikişi həyata keçirməyə hazırıq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”


