Tikinti 10 dəfə azalıb: “Kupça” verilməsində diqqətçəkən dəyişiklik
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatında 3 faizlik azalma qeydə alınıb.
İlk baxışdan bu göstərici əmlak bazarında aktivliyin zəiflədiyini düşündürsə də, məsələnin arxasında müxtəlif səbəblər dayana bilər. Bəziləri bunu mənzil alış-verişinin azalması, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və yüksək qiymətlərlə əlaqələndirir.
Digər tərəfdən, ölkədə hələ də sənədləşdirilməmiş minlərlə fərdi yaşayış evi və torpaq sahəsi mövcuddur. Bir sıra hallarda vətəndaşlar aldıqları və ya istifadə etdikləri əmlaka çıxarış ala bilmədiklərindən, mülkiyyət hüququnun rəsmiləşdirilməsi prosesi də baş tutmur.
Bu isə qeydiyyat statistikasına birbaşa təsir göstərir. Bəs mülkiyyət hüququnun qeydiyyatındakı azalmanın əsas səbəbi nədir?
Əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, bazarda tikinti şirkətlərinin aktivliyi azalıb:

“Misal üçün, 2016-2019-cu illərdə Bakı, Sumqayıt və Xırdalan şəhərlərində orta hesabla 120-130 yeni layihəyə start verilib. Sonradan tikintiyə icazələrin Arxitektura və Şəhərsalma Komitəsinə verilməsi və pilot layihələrin ləğv olunmasından sonra vəziyyət dəyişdi.
2016-cı illə 2026-cı ili müqayisə etsək, yeni başlayan inşaat layihələrinin sayı 8-10 dəfə azalıb”. Ekspert qeyd edir ki, bu hal da birbaşa verilən çıxarışların sayına təsir göstərir.
Aişə Abdulova
“Cebheinfo.az”


