Azərbaycanda işçinin müəssisədən pay almasının hüquqi əsasları müəyyənləşir

Azərbaycanda işçinin müəssisədən pay almasının hüquqi əsasları müəyyənləşir

Azərbaycanda kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınmasına dair məsələləri tənzimləyən ayrıca müqavilə imzalamaq mümkün olacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər:

- zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi;

- hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi.

Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə Əmək Məcəlləsinin 76-1.1-ci maddəsinə uyğun olaraq, əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.

İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçi ilə əmək münasibətlərinə xitam verildikdə, həmin xitamın əsaslarından asılı olaraq işçinin paya (səhmə) olan hüquqlarına və ya əldə etdiyi paylara (səhmlərə) fərqli hüquqi nəticələr nəzərdə tutula bilər.

Əmək Məcəlləsinin 69-cu maddəsi, 70-ci maddəsinin "a", "b", "d" və "e" bəndləri, 73-cü maddəsi, 74-cü maddəsinin birinci hissəsinin "a", "b", "c", "d", "e" və "ə" bəndləri ilə əmək müqaviləsinə xitam verilməsi hallarında işçinin əldə edilməmiş paya (səhmə) olan hüquqlarının hamısının və ya bir hissəsinin əldə edilmiş hesab edilməsi və ya əldə edilmiş payların (səhmlərin) ədalətli bazar dəyəri ilə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satılması öhdəliyi nəzərdə tutula bilər.

Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin "ç" və "f" bəndləri ilə əmək müqaviləsinə xitam verilməsi hallarında işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçinin bütün əldə edilməmiş paya (səhmə) olan hüquqlarını itirməsi və ya əldə etdiyi payları (səhmləri) nominal və ya daha aşağı dəyərlə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satılması ilə bağlı hüquqi nəticələr nəzərdə tutula bilər.

İşçinin pay (səhm) iştirakı planı haqqında müqavilənin tələblərinə uyğun olaraq əldə edilən pay (səhm) əmək haqqına daxil edilmir və əmək haqqı əvəzi kimi ödənilmir.

Bundan başqa, Mülki Məcəllənin 404-4.3-cü maddəsində nəzərdə tutulan halda gələcək iştirak payı (səhm) haqqında müqavilə üzrə investorun ödəniş tələbləri, hüquqi şəxsin digər təminatsız kreditorlarının tələblərindən sonra, lakin hüquqi şəxsin iştirakçılarına (səhmdarlarına) qalıq əmlakın verilməsindən (bölüşdürülməsindən) əvvəl yerinə yetirilir.

Mülki Məcəllənin 90.4-cü və 104.1-ci maddələrinin tələblərindən fərqli olaraq təsərrüfat cəmiyyətinin nizamnaməsi ilə direktorlar şurasına (müşahidə şurasına) təsisçilərin (iştirakçıların) ümumi yığıncağını çağırmadan, nizamnamədə əvvəlcədən yuxarı həddi nəzərdə tutulmuş, lakin şərtləri (hüquqları, imtiyazları və məhdudiyyətləri) hələ müəyyən edilməmiş yeni payların ayrılması və ya səhmlərin buraxılması barədə qərar qəbul etmək səlahiyyəti verilə bilər. Bu payların (səhmlərin) emissiya şərtləri direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə müəyyən edilir və bununla bağlı nizamnaməyə edilən dəyişikliklər qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.

"Cebheinfo.az"