Azərbaycanda vençur kapitalı fondları üçün qanunvericilik bazası yaradılır

Azərbaycanda vençur kapitalı fondları üçün qanunvericilik bazası yaradılır

Azərbaycanda "İnvestisiya fondları haqqında" qanun vençur kapitalı fondlarını da əhatə edəcək.

"Report" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış sözügedən qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, vençur kapitalı fondu – fəaliyyətinin müstəsna predmeti investorların mənfəət əldə etməsi məqsədilə yalnız peşəkar investorlardan cəlb edilmiş pul vəsaitlərinin investisiya bəyannaməsinə uyğun olaraq investisiya edilməsi olan və aşağıdakı meyarlara cavab verən, habelə bu Qanunla nəzərdə tutulmuş təşkilati-hüquqi formalarda yaradılan investisiya fondudur:

- əsas fəaliyyətinin investisiya qoyuluşundan ibarət olması və bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla digər kommersiya fəaliyyəti həyata keçirməməsi;

- fondun investorları üçün ortaq gəlir əldə etmək məqsədilə cəlb edilmiş kapitalı birləşdirməsi;

- maliyyə və əməliyyat fəaliyyəti istiqamətlərinin müəyyən edilməsində, investisiya qərarların qəbulunda bütün təsisçilərin (iştirakçıların) birgə şəkildə davamlı iştirakının olmaması;

Peşəkar investor – "Qiymətli kağızlar bazarı haqqında" qanunla müəyyən edilmiş institusional investorlar, iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafının maliyyələşdirilməsi və innovasiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə fəaliyyət göstərən dövlət adından yaradılan publik hüquqi şəxslər və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və ya bu qanunla müəyyən edilmiş tələblərə cavab verən akkreditə olunmuş investorlardır.

Akkreditə olunmuş investor – bu Qanunda göstərilən fəaliyyətə vençur kapitalı fondu vasitəsilə investisiya edən, investisiya ilə bağlı riskləri dərk etmək üçün maliyyə təcrübəsinə və ya potensial itkiləri qarşılamaq üçün maliyyə imkanlarına malik olan və aşağıdakı meyarlardan azı birinə cavab verən fiziki və ya hüquqi şəxsdir:

- son 2 ilin hər birində illik gəliri 150.000 (yüz əlli min) manatdan çox olan və cari ildə də eyni gəlir səviyyəsini əldə edəcəyini əsaslı şəkildə gözləyən fiziki şəxslər;

- əsas yaşayış yeri olan daşınmaz əmlakının dəyəri istisna olmaqla, xalis maliyyə aktivlərinin dəyəri 500.000 (beş yüz min) manatdan çox olan fiziki şəxslər;

- siyahısını Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi sertifikatlara malik olan şəxslər;

- xalis aktivlərinin dəyəri 5 milyon manatdan çox olan və ya bütün iştirakçıları bu Qanunla müəyyən edilmiş meyarlardan birinə cavab verən hüquqi şəxslər;

- bütün iştirakçıları akkreditə olunmuş investorlardan ibarət olan hüquqi şəxslər;

- vençur kapitalı fondunun idarəçisi (hüquqi şəxs olduqda isə onun rəhbər şəxsləri) və investisiya qərarlarının qəbulunda bilavasitə iştirak edən şəxslər;

Azad hesabatlı vençur kapitalı fondu - bu Qanunun 9-2-ci maddəsində müəyyən edilmiş meyarlara cavab verən, fəaliyyəti üçün lisenziya tələb olunmayan və AMB-nin apardığı reyestrdə qeydə alınan vençur kapitalı fondudur.

Lisenziyalaşdırılan vençur kapitalı fondu – bu Qanuna uyğun olaraq AMB-nin lisenziyası əsasında fəaliyyət göstərən vençur kapitalı fondudur.

İdarə edilən aktivlərin həcmi – vençur kapitalı fondunun idarə etdiyi bütün aktivlərinin, o cümlədən cəlb edilmiş, lakin hələ investisiya edilməmiş kapitalın və investorların ödənilməmiş kapital öhdəliklərinin bu Qanuna əsasən hesablanan ümumi dəyəridir.

Ödənilməmiş kapital öhdəliyi – vençur kapitalı fondunun təsis sənədlərinə (müqaviləsinə) əsasən fondun çağırışı əsasında investorun gələcəkdə fonda ödəməyi öhdəsinə götürdüyü, lakin hələ ödənilməmiş vəsaitin məbləğidir.

İnvestorlardan pul vəsaitlərinin cəlb edilməsi – fond (və ya onun adından çıxış edən şəxs) tərəfindən kənar investorlardan (onların fondun təsisçisi qismində çıxış edib-etməməsindən asılı olmayaraq) investisiya məqsədilə fonda vəsaitin köçürülməsini (və ya bu barədə öhdəliyin götürülməsini) təmin etmək üçün həyata keçirilən fəaliyyətdir.

Qanunda xüsusi olaraq fərqləndirilmədikdə, bu Qanunun investisiya fondlarına, o cümlədən səhmdar investisiya fondlarına, qapalı paylı investisiya fondlarına, onların idarəçilərinə, depozitarlarına və investorlarına dair müddəaları vençur kapitalı fondlarına, onların idarəçilərinə, depozitarlarına və peşəkar investorlarına da şamil edilir. Qanunun lisenziyalaşdırmaya, habelə prudensial tənzimləməyə və nəzarətə dair müddəaları yalnız lisenziyalaşdırılan vençur kapitalı fondlarına şamil edilir. Azad hesabatlı vençur kapitalı fondlarının fəaliyyəti bu Qanunun II-I fəslində nəzərdə tutulmuş rejimə əsasən tənzimlənir.

Qanunun məqsədləri üçün yalnız iştirakçılarının (təsisçilərinin) öz vəsaiti hesabına fəaliyyət göstərən, ortaq investisiya məqsədilə kənar (üçüncü şəxs) investorlardan kapital cəlb etməyən holdinqə daxil olan müəssisələr və birgə müəssisələr vençur kapitalı fondu hesab edilmir və bu Qanunun müddəaları onlara şamil edilmir.

Vençur kapitalı fondunun adında "vençur kapitalı fondu" sözləri olmalıdır. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxsin nizamnaməsində (adında) dəyişiklik edilməsi zamanı bu sözlərdən istifadə edilməsi üçün AMB-nin ilkin razılığı alınmalıdır. Bu məsələ qurumun qəbul etdiyi normativ xarakterli aktlarla müəyyən edilir.

"Cebheinfo.az"