Barrak: “Tramp kürd xalqına xüsusi hörmət bəsləyir”

Barrak: “Tramp kürd xalqına xüsusi hörmət bəsləyir”

Kürdüstan Bölgəsinin Baş naziri Mesrur Bərzani ABŞ Prezidentinin İraq və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak və onu müşayiət edən nümayəndə heyəti ilə Ərbildə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Baş Nazirlik Ofisinin yaydığı məlumata görə, görüşdə ABŞ-nin Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkili Coşua Harris və İraq ilə Suriyadakı Koalisiya Qüvvələrinin komandanı general Kevin Lambert də iştirak edib.

Toplantıda Kürdüstan Bölgəsi, İraq və ümumilikdə regiondakı son vəziyyət müzakirə olunub.

Baş nazir Mesrur Bərzani ABŞ-nin Kürdüstan Bölgəsinə və İraqa davamlı dəstəyi və əməkdaşlığına görə təşəkkürünü bildirib.

İkitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da gücləndirilməsinin vacibliyini vurğulayan Bərzani qeyd edib ki, regional sabitlik və inkişaf yalnız güclü tərəfdaşlıq sayəsində mümkün ola bilər.

ABŞ nümayəndəsi Tom Barrak isə Kürdüstan Bölgəsinin inkişaf və rifah yolunda atdığı addımları yüksək qiymətləndirib.

Barrak bildirib ki, ABŞ Prezidenti Donald Trampın kürd xalqına, Kürdüstan Bölgəsinə və Məsud Bərzaninin liderliyinə xüsusi hörməti var.

Görüş zamanı ABŞ, İraq və Kürdüstan Bölgəsi arasında ticari əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi də müzakirə olunub.

Xüsusilə enerji sektorunda Amerika şirkətlərinin İraq və Kürdüstan Bölgəsindəki iştirakının artırılmasının vacibliyi barədə tərəflər arasında razılıq əldə edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"