Kiçik və orta biznesin inkişafı üçün maneələr və həll yolları
Kiçik və orta biznes (KOB) müasir iqtisadiyyatın əsas dayaq sütunlarından biri hesab olunur.
Məhz kiçik və orta müəssisələr yeni iş yerlərinin yaradılmasına, rəqabət mühitinin formalaşmasına və iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə verir.
Azərbaycanda da son illər sahibkarlığın inkişafı istiqamətində müxtəlif addımlar atılsa da, kiçik və orta müəssisələrin qarşılaşdığı problemlər hələ də öz aktuallığını qoruyur.
Mütəxəssislər hesab edirlər ki, maliyyəyə çıxış imkanları, bazar şəraiti, idarəetmə bacarıqları və digər amillər bu sahənin inkişaf tempinə birbaşa təsir göstərir.
Bəs Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına ən böyük maneələr nələrdir?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına mane olan əsas amillərdən biri maliyyə resurslarına çıxışın məhdud olmasıdır:

“Bir çox sahibkarlar münasib şərtlərlə kredit əldə etməkdə çətinlik çəkirlər. Bununla yanaşı, bazarda rəqabətin yüksək olması, bəzi sahələrdə inhisarçılıq meyilləri, inzibati prosedurlar, biznes idarəçiliyi üzrə təcrübə çatışmazlığı da kiçik və orta biznesin inkişafını məhdudlaşdıran amillər sırasındadır.
Hazırda kiçik və orta sahibkarlıqla məşğul olanların əsas uğursuzluğunun səbəbləri arasında biznes planlaşdırmasının zəif aparılması, bazarın düzgün təhlil edilməməsi, maliyyə idarəçiliyində yol verilən səhvlər və marketinq strategiyasının kifayət qədər effektiv olmaması göstərilir.
Bəzi hallarda sahibkarlar bazarın tələbatını düzgün qiymətləndirmədən fəaliyyətə başlayır, nəticədə məhsul və ya xidmətlərinə kifayət qədər müştəri tapa bilmirlər.
Kiçik və orta biznesin inkişafı üçün ilk növbədə maliyyə imkanlarının genişləndirilməsi, güzəştli kredit və dəstək proqramlarının artırılması vacibdir.
Eyni zamanda sahibkarların biznes idarəçiliyi, marketinq və maliyyə savadlılığı üzrə biliklərinin artırılması, rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi və rəqabət mühitinin daha da yaxşılaşdırılması kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir göstərə bilər”.
İqtisadçı qeyd edib ki, bundan başqa, dövlət dəstəyi mexanizmlərinin əlçatanlığının artırılması və inzibati prosedurların sadələşdirilməsi də bu sahədə mühüm rol oynaya bilər.
Aişə Abdulova
“Cebheinfo.az”

