ABŞ “Hizbullah”ı niyə Suriyaya tapşırır? - DETALLAR
Suriyanın yeni hakimiyyəti “Hizbullah”a qarşı mübarizəyə qoşula bilər.
Belə ki, ABŞ Prezidenti Donald Tramp “Hizbullah”ı Suriyaya həvalə edib. Tramp İsrailə Livandakı “Hizbullah” qruplaşmasına qarşı mübarizədə Suriyanın daha fəal rol oynamasını təklif edib.
Trampın sosial şəbəkə hesabında qeyd edib ki, Dəməşq bu məsələdə daha lazımi və zəruri addımlar ata və bölgədə sabitliyin təmin olunmasına töhfə verə bilər.
ABŞ lideri Suriyanın yeni rəhbərliyinin son addımlarını müsbət qiymətləndirib, yeni hakimiyyətin müsbət işlər gördüyünü və “Hizbullah” təhlükəsinin aradan qaldırılmasında faydalı tərəfdaş ola biləcəyini deyib.
O, həmçinin Livanın daha yaxşı gələcəyə sahib olmasını istədiyini vurğulayıb.Maraqlıdır, Suriyada yeni hakimiyyət “Hizbullah”ın öhdəsindən gələ bilər? Tramp “Hizbullah” məsələsini niyə məhz Suriyaya həvalə edir?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Tramp bu məsələdə öz məqsədinə çatmağa çalşır:

“Donald Tramp hakimiyyətə gələrkən onun əsas şüarlarından biri dünyada sülhü təmin etmək olub. Hakimiyyətinin ilk günlərində Qəzzada və Yaxın Şərqin digər bölgələrində sülhü və barışığı bərqərar etmək üçün cəhdlər olub.
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində də müəyyən addımlar atılıb. Qeyd edim ki, Yaxın Şərqdə münaqişələrin həlli Tramp administrasiyası üçün xüsusi əhəmiyyət kəsb edir.
Nəzərə alsaq ki, Trampın birinci hakimiyyəti dövründə İsrail ilə bəzi Yaxın Şərq ölkələri – Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri arasında “İbrahim sazişləri” imzalandı. Trampın bu vasitəçiliyi sahəsində İsrail ilə Ərəb ölkələri arasında münasibətlərdə müsbət ab-hava müşahidə olundu. Amma bu proses uzun müddət davam etmədi.
2023-cü ilin oktyabrında Qəzzada İsrail ilə HƏMAS arasında savaş başladıqdan sonra region yenidən münaqişə meydanına çevrildi. İsrail “Hizbullah”a qarşı da savaşa başladı.
Son iki ildə İsrailin əsas hərbi strategiyası həm HƏMAS-ı, həm də “Hizbullah”ı tamamilə məhv etmək idi. Amma bütün cəhdlərə baxmayaraq, nə HƏMAS, nə də “Hizbullah” sıradan çıxarıldı”.
O.Qasımov vurğulayıb ki, “Hizbullah”ın bölgədə mövcudluğu İranın Yaxın Şərq regionunda təsir imkanlarının göstəricisidir:
““Hizbullah”ın özü gərginlik və münaqişə ocağıdır. Tramp bu məsələni həll etmək üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Ağ Evin rəhbərinin “Hizbullah” məsələsini Suriyada yeni hakimiyyətə həvalə etməklə bir neçə məqsəd güdür.
Birincisi, Suriyada Əl-Şaara hakimiyyəti ilə münasibətləri dərinləşdirmək və Suriyanı regional proseslərdə rolunu gücləndirmək, ikincisi, “Hizbullah”ın sıradan çıxarılmasında Suriyanın iştirakını təmin etməklə həm Suriya-Livan münasibətlərini, həm də Suriya-İsrail münasibətlərini nizamlamaqdır.
Bir-birinə zidd mövqedə olan Suriya və İsrail bəzi məsələlərdə ortaq maraqlardan hərəkət edə bilərlər. Bildirim ki, Suriya regional proseslərə aktiv şəkildə qoşularsa, “Hizbullah”ın zəifləməsi mümkün ola bilər. “Hizbullah” vaxtilə Suriyada fəaliyyət göstərərək Əsəd hakimiyyətinə dəstək olub və yeni hakimiyyətə qarşı vuruşub.
Bu baxımdan “Hizbullah” Əl-Şaara hakimiyyətinin də düşmənidir. Tramp bunu nəzər alıb. Artıq hər kəs “Hizbullah”ı İranın bölgədə maraqlarını həyata keçirən bir qüvvə kimi görür”.
Yunis Abdullayev
“Cebheinfo.az”

