Həkimlər regionlarda niyə işləmək istəmir?

Həkimlər regionlarda niyə işləmək istəmir?

Regionlarda 65 yaşı tamam olan həkimlərin işləməsinə icazə veriləcək.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

“Bu gün həkim çatışmazlığı var. Regionlarda həkim çatışmazlığı problemini dəfələrlə qaldırmışıq, müzakirə etmişik. Həm geniş dinləmələr keçirilib, həm də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məhdud tərkibdə görüşlər təşkil olunub. Əminəm ki, artıq aparılan islahatlar öz nəticəsini verəcək.

Artıq Tibb Universitetini bitirən, rezidentura təhsili almamış həkimlər Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara göndəriləcək. Digər problem isə 65 yaşı tamam olan həkimlərin təqaüdə göndərilməsi məsələsidir.

Bu gün həmin məsələyə baxılır. Regionlarda 65 yaşı tamam olan həkimlərin peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılacaq. Bu istiqamətdə ciddi iş aparılır”, – deyə komitə sədri qeyd edib.

Regionlarda 65 yaşı tamam olmuş həkimlərin işləməsinə icazə verilməsi həkim çatışmazlığı problemini nə dərəcədə həll edə bilər?

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda həkimlərin daha dayanıqlı fəaliyyət göstərdiyi əsas məkan Bakı şəhəridir:

“Paytaxtda həkimlər üçün iş və peşəkar inkişaf imkanları nisbətən geniş olduğundan, onlar burada çalışmağa üstünlük verirlər. Regionlarda isə vəziyyət fərqlidir. Aşağı əməkhaqqı, stimullaşdırıcı tədbirlərin yetərli olmaması və sosial təminat məsələləri həkimlərin rayonlarda işləməyə marağını azaldır.
 
Əslində, həkim çatışmazlığı təkcə Azərbaycana məxsus problem deyil. Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Almaniya, Fransa və İngiltərədə də səhiyyə sahəsində kadr çatışmazlığı müşahidə olunur.

Səhiyyə ictimai həyatın ən bahalı və ən vacib sahələrindən biridir. Azərbaycanda həkimlər hesab edirlər ki, gördükləri işin məsuliyyəti ilə aldıqları məvacib arasında uyğunluq yoxdur. 

Nəticədə bir çox mütəxəssis daha yaxşı iş və əmək şəraiti üçün xarici ölkələrdə fəaliyyət göstərməyə üstünlük verir. Bu proses ölkədə həkim çatışmazlığını daha da dərinləşdirir”. 
O qeyd edib ki, mövcud vəziyyəti nəzərə alsaq, yaxın gələcəkdə də bu problemlə üzləşəcəyimiz görünür:

“Ona görə də mövcud potensialdan maksimum istifadə etmək vacibdir. Uzun illərdir təklif edirik ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tabeliyindəki xəstəxanalarda həkimlərin 65 yaşına çatdıqdan sonra fəaliyyətlərinin məhdudlaşdırılmasın. 

Əgər həkim əmək qabiliyyətini və peşəkar bacarıqlarını qoruyub saxlayırsa, onun təcrübəsindən istifadə olunması daha məqsədəuyğun olardı. Təcrübəli mütəxəssislərin həm cəmiyyətə fayda verməsi, həm də gənc həkimlərlə bilik və təcrübələrini bölüşməsi səhiyyə sistemi üçün böyük üstünlükdür.

Bu baxımdan, 65 yaşdan yuxarı həkimlərin fəaliyyətinə şərait yaradılması, onların sosial təminatının yaxşılaşdırılması və regionlarda işləmələri üçün əlavə stimulların tətbiqi bölgələrdəki kadr çatışmazlığının aradan qaldırılmasına müsbət təsir göstərə bilər”.

Gülər Həsənli
“Cebheinfo.az”