"Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ilk təlimi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş" layihəsi çərçivəsində Gəncə şəhəri, "Qızıl Əllər" Tədris Mərkəzində ilk təlim təşkil olunub.
Layihə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində yaşayan yeniyetmələri əhatə edir və onların rəqəmsal bacarıqlarının inkişafına yönəlib. Layihənin rəhbəri Lamiyə İsazadədir. Üç ay davam edəcək layihə çərçivəsində iştirakçılar kompüter bilikləri, internetdən təhlükəsiz istifadə, onlayn təhsil imkanları və müasir texnologiyalarla bağlı müxtəlif mövzularda bilik və bacarıqlar əldə edəcəklər.
İlk dərs “Kompüterə giriş və əsas anlayışlar” mövzusuna həsr olunub. Təlim zamanı yeniyetmələr kompüterin əsas hissələri, onların funksiyaları, kompüterdən düzgün istifadə qaydaları və əməliyyat sisteminin əsas imkanları ilə tanış olublar. Eyni zamanda iştirakçılara fayl və qovluqların yaradılması, saxlanılması və idarə olunması barədə ilkin məlumatlar verilib.
İnteraktiv formada keçirilən təlim uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. "Qızıl Əllər" Tədris Mərkəzinin müəllimi, layihənin təlimçisi Sona Hüseynli tərəfindən rəqəmsal biliklərin müasir dövrdə əhəmiyyəti izah olunub, kompüter bacarıqlarının gələcək təhsil və peşə həyatında oynadığı mühüm rol uşaqların diqqətinə çatdırılıb.
Layihənin əsas məqsədi sosial qayğıya ehtiyacı olan uşaqların rəqəmsal savadlılığını artırmaq, onların şəxsi inkişafına dəstək vermək və gələcək imkanlarını genişləndirməkdir. Layihənin növbəti mərhələlərində uşaqlar daha geniş mövzular üzrə təlimlərə cəlb olunacaq, onların rəqəmsal dünyaya inteqrasiyası istiqamətində fəaliyyət davam etdiriləcək. Bu cür layihələr həssas qrupa daxil olan uşaqların rifahının yüksəldilməsinə və onların gələcək həyat perspektivlərinin genişlənməsinə xidmət edən vacib addımlar kimi xüsusi əhəmiyyət daşıyır.
"Cebheinfo.az"

