Deputat: “Azərbaycanın iştirak etmədiyi layihənin reallaşması mümkün deyil”
"Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır".
Bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib. Dövlət başçısı uğurlu inkişafın müxtəlif meyarlara əsaslandığını bildirib:
"Azərbaycan cəmi 35 ildir müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Daha sonra ölkənin sabit inkişafı təmin edilməyə başladı, bu da hər bir ölkənin uğurunun əsasıdır.
Çünki sabitlik pozulduğu zaman biz inkişafdan danışa bilmərik. Ona görə siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır".
Prezident qeyd edib ki, bu, həm də regional inkişafın təzahürüdür: "Regional və qlobal səhnədə Azərbaycan öz güclü əlaqələri ilə bir çox aspektlər baxımından mühüm iştirakçıya çevrilib".
Beləliklə, Prezident Azərbaycanın regional və qlobal səviyyədə mühüm iştirakçıya çevrildiyini qeyd edib. Bu statusun formalaşmasında hansı amillər xüsusi rol oynayıb?
“Cebheinfo.az”- a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan xüsusilə 2020-ci il Qarabağ müharibəsindən sonra siyasi, iqtisadi və hərbi baxımdan regionun əsas dövlətinə çevrilib:

“Ondan əvvəl də Azərbaycan regionda mühüm rol oynayırdı. Logistik imkanları, enerji daşıyıcıları və bir sıra ölkələrin Azərbaycanın enerji resurslarından asılılığı, ölkəmizin həmin dövlətlərin enerji təhlükəsizliyində oynadığı rol xüsusi qeyd edilməlidir.
Lakin 2020-ci il Qarabağ savaşından sonra ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik. Regionun geosiyasi mənzərəsində mühüm dəyişikliklər baş verdi və bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycanın iştirak etmədiyi hər hansı layihənin bu regionda reallaşması mümkün deyil”.
Arzuxan Əlizadənin sözlərinə görə, eyni zamanda Azərbaycan artıq qlobal miqyasda da mühüm aktora çevrilib:
“Çünki hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və bunların 12-si Avropa İttifaqının üzvüdür.
Bu baxımdan, Azərbaycan Avropa ölkələrinin əhəmiyyətli hissəsinin enerji təhlükəsizliyinə töhfə verməklə qlobal enerji təhlükəsizliyinin vacib elementlərindən birinə çevrilib. Bununla yanaşı, regionda bir sıra mühüm layihələrin həyata keçirilməsi gözlənilir.
Azərbaycan artıq yalnız neft və qaz istehsalçısı kimi deyil, həm də alternativ enerji istehsalçısı kimi dünyanın diqqət mərkəzindədir. Yaşıl enerji, külək və günəş enerjisi sahəsində həyata keçirilən layihələr, yeni enerji stansiyalarının tikintisi və gələcəkdə Azərbaycanın alternativ enerji ixrac edən ölkəyə çevrilmək potensialı ölkəmizi qlobal miqyasda əhəmiyyətli və maraq doğuran dövlətlərdən birinə çevirib”.
O bildirib ki, dünya gücləri Azərbaycanın artan rolunun fərqindədir:
“İndiki dövrdə həyata keçirilən yeni layihələr, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi, o cümlədən İslam İnkişaf Bankı ilə münasibətlərin daha da inkişaf etdirilməsi, digər beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi, eləcə də dünyanın aparıcı dövlətləri ilə iqtisadi, ticari və siyasi əlaqələrin genişləndirilməsi baxımından Azərbaycanın əhəmiyyəti açıq şəkildə görünür.
Bu kontekstdə birmənalı şəkildə demək olar ki, Azərbaycan təkcə regional deyil, eyni zamanda qlobal maştapda da mühüm aktorlardan birinə çevrilib. Regionun əsas söz və güc sahibi, lider dövləti kimi Azərbaycanın iştirak etmədiyi hər hansı layihənin reallaşdırılması mümkün deyil.
Regionda maraqları olan bütün güclər də bunun fərqindədir. Məhz buna görə Azərbaycanın əhəmiyyəti regionda müqayisə olunmayacaq dərəcədə üst səviyyədədir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

