Nigar Köçərli: “Motosiklet sürən əxlaqsızdır?”

Nigar Köçərli: “Motosiklet sürən əxlaqsızdır?”

“Nə vaxtdan motosiklet sürmək əxlaqsızlığın göstəricisi hesab olunur?”

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri “Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli paylaşımında qeyd edib.

O, vəkil Fərhad Mehdiyevin qızının ölümü ilə bağlı yazılan şərhlərə qarşı münasibət bildirib:

“Fərhadı 90-cı illərdən tanıyıram. O, qardaşımla birlikdə İstanbulda təhsil alıb. Onlara “Elçibəy tələbələri” deyirdilər - Türkiyəyə göndərilən ilk tələbə qrupu idilər. Fərhada böyük hörmətim var. Bəzi fikirləri ilə razılaşmasam da. yaxşı insan və yaxşı vətəndaşdır.

İndi demək istədiyim başqa bir məsələdir. Şübhəsiz, bu böyük faciə təkcə onun ailəsini deyil, bütün cəmiyyəti sarsıtdı. Mələk simalı bir qızın bu cür faciəvi şəkildə, belə gənc yaşda həyatını itirməsi çox ağırdır”.

N.Köçərli mərhum haqqında gedən müzakirələri "yersiz" adlandırıb:

“Əminəm ki, Fərhadın və xanımının yanında onlara dəstək olan çoxlu insan var. Təəssüf ki, toksik rəylər yazanların sayı da az deyil. Həmin rəyləri yazanlara bir sualım var: nə vaxtdan motosiklet sürmək əxlaqsızlığın göstəricisi hesab olunur? Sürücülük vəsiqəsinin yoxluğu ilə bağlı məsələ isə əlbəttə, qəbuledilməz və yanlışdır.

Lakin bu gün bunu müzakirə və ittiham etmək və ya mühakimə yürütmək son dərəcə qəddar və yersizdir. Xahiş edirəm, insanların ağrısı ilə oynamayaq. Empatiya göstərək və yas içində olanlara hörmətlə yanaşaq”.

"Cebheinfo.az"