Bakıda daha onlar təhlükə yaratmayacaq

Bakıda daha onlar təhlükə yaratmayacaq

Azərbaycanda moped sürənlər üçün yeni qaydalar tətbiq olunur, qeydiyyat, sürücülük vəsiqəsi, sığorta və texniki baxış tələbləri genişləndirilir. 

Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” Qanunda edilən dəyişikliklərin icrası ilə əlaqədar bir sıra qanunlara təklif olunan dəyişikliklərdə əksini tapıb. 

Belə ki, layihəyə əsasən, mopedlər üçün dövlət qeydiyyatı, qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi tələbləri tətbiq edilir. Bununla yanaşı, mopedi idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunacaq və moped sürücülərinə nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr də şamil ediləcək. 

Dəyişikliklərə görə, qeydiyyatdan keçmiş mopedlər üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası tətbiq olunacaq. Eyni zamanda, mopedlər texniki baxışdan keçməli olacaq. Qanun layihəsində mopedlərlə bağlı dövlət rüsumları da müəyyənləşdirilir. 

Belə ki, mopedlərin texniki baxışdan keçirilməsi üçün 15 manat, dövlət qeydiyyatına alınması üçün 10 manat, dövlət qeydiyyat nişanının verilməsi üçün 15 manat, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün 30 manat, imtahan üçün isə 40 manat dövlət rüsumu nəzərdə tutulur. 

Təkrar imtahan verənlər 20 manat ödəyəcəklər. Layihədə həmçinin avtomobil yollarından istifadə ilə bağlı müddəalara mopedlər də əlavə edilir və onların yol hərəkəti sisteminə inteqrasiyası genişləndirilir. 

Bu dəyişikliklər mopedlərin iştirakı ilə baş verən qəzaların azalmasına real təsir göstərəcəkmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yeni tələblər yollarda təhlükəsizliyin qorunmasına əsaslanır: 

“Qismən də olsa, yeni tələblərin tətbiqi mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının azalmasına təsir göstərəcək. Çünki artıq mopedlərin qeydiyyata alınması, onlara dövlət nömrə nişanının verilməsi, sürücülərin isə müvafiq sürücülük vəsiqəsinə malik olması tələb olunur. Bu qaydalar sürücülərin məsuliyyətini artıracaq və nəzarət mexanizmlərini gücləndirəcək”. 

Eyni zamanda, yeni tələblərdən sonra xüsusilə Bakı şəhərində moped istifadəçilərinin sayında müəyyən azalma müşahidə oluna bilər:

“Çünki indiyədək heç bir qeydiyyat və ya sürücülük vəsiqəsi olmadan moped idarə edən şəxslərin bir qismi yeni şərtlərə uyğunlaşmaq istəməyə bilər”. 

O qeyd edib ki, bu dəyişikliklərin əsas məqsədi mopedlərin iştirakı ilə baş verən qəzaların sayını azaltmaq, yol hərəkəti təhlükəsizliyini artırmaq və məsuliyyətli sürücülük mühitini formalaşdırmaqdır: 

“Digər mühüm məqamlardan biri isə ondan ibarətdir ki, mopedlərin qeydiyyata alınması nəticəsində qəza zamanı zərərçəkən şəxslərin hüquqlarının qorunması, onlara sığorta ödənişlərinin verilməsi daha effektiv şəkildə təmin oluna biləcək. Bu baxımdan, yeni qaydalar həm yol hərəkəti iştirakçılarının təhlükəsizliyinə xidmət edir”. 

Gülər Həsənli 
“Cebheinfo.az”