Qafqazda ən az su Azərbaycandadır: Yağış da boşuna axıb
Bu gün Azərbaycanda su qıtlığı müşahidə olunur ki, bu da ən böyük problemdən biridir.
Son illər ölkədə bir sıra su anbarları tikilməsinə, Xəzərin suyunun duzsuzlaşdırılması istiqamətində addımlar atılmasına, paytaxtda və regionlarda yağış suyunun evlərə belə, dolmasına baxmayaraq yenə su qıtlığı müşahidə olunur.
Hətta kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, Azərbaycan 2050-ci ilədək su qıtlığından ən çox təsirlənəcək 35 ölkədən biri ola bilər.
Onun sözlərinə görə, son illərdə iqlim dəyişikliyi fonunda həm su ehtiyatlarının azalması, həm də yağıntıların rejimində ciddi dəyişikliklər müşahidə olunur:
“Yağışların düşmə müddəti və tezliyi dəyişir ki, bu da aqrar sektora birbaşa təsir göstərir. Ölkəmiz 2050-ci ilə qədər su qıtlığından əziyyət çəkəcək 35 ölkə sırasında olacaq”.
Doğrdanmı sululuq səviyyəsinə görə, Azərbaycan dünyada, eləcə də Cənubi Qafqazda ciddi problemlə üzləşib, hazırda problemlər nədən qaynaqlanır?
Məsələ ilə bağlı Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev “Cebheinfo.az”-a bildirib ki, Cənubi Qafqazda ən az su ehtiyatına malik olan ölkə Azərbaycandır:

“Ölkəmizin su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır. Hazırda Azərbaycanın su ehtiyatı təxminən illik 26-28 kubmetrdir. Bu su ehtiyatının 70 faizdən çoxu Azərbaycan ərazisindən kənarda formalaşır.
Bu gün Azərbaycan su qıtlığı olan ölkələr sırasında yer alır. Amma ölkəmizdə alternativ su mənbələri var, məhz Xəzər dənizinin suyunun duzsuzlaşdırılması nəticəsində su əldə etmək olur.
Hazırda Sumqayıt sənaye zonasında, Xəzər dənizinin sahilinə yaxın 20 hektar sahədə - müvafiq texniki və ekoloji meyarlar əsasında “Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu” tikilib və həmin sudan da texniki su kimi istifadə etmək olur.
Azərbaycanın qərb zonasında, çayların suyundan qənaətlə istifadə etmək lazımdır. İndi müəyyən olunub ki, quraqlıq ərazilərdə atmosferdən də su ehtiyatı yığmaq mümkündür. Belə layihələr var və onu reallaşdırsalar yəqin ki, su ehtiyatı müəyyən qədər arta bilər.
Azərbaycanın əsas su təminatı Kür çayıdır ki, ildə təxminən 10 kubmetr su ötürülür. Bu çay bir çox rayonlardan keçir, burada kanallar çəkilib. Ancaq həmin kanallar bir neçə il bundan əvvəl çəkildiyinə görə, artıq borular istismar müddətini başa vurub.
Yeni texnikadan, plastik borulardan istifadə edib kanalları yenidən qurmaqla oradakı axan su itkisini azaltmaq olar. Şimal zonasından dənizə tökülən çaylar var. Hazırda Şabranda Taxtakörpü deyilən su anbarı tikilib, yığılan su birbaşa Ceyranbatana ötürülür. Ümumiyyətlə, Azərbaycanda su ehtiyatı azdır”.
Onun sözlərinə görə, yeganə çıxış yolu odur ki, qənaət rejiminə keçmək, Xəzər dənizinin suyunu təmizləyib ondan istifadə etməklə balansı saxlamaq olar:
“Bu il yağıntının miqdarı çox oldu. Amma bu yağıntıdan istifadə edə bilmirik. İnkişaf etmiş ölkələrdə şəhərlərdə evlərin üzərində olan avadanlıqlar vasitəsilə yağış suyunu yığırlar. Bizdə o infrastruktur yoxdur.
Hazırda biz kənd təsərrüfatında da suvarma üsuldan istifadə edirik. Əslində damcı üsulu ilə suvarmada qənaət etmək olar. Təbiətin verdiyi sudan maksimum istifadə etsək, bizə su bəs edər.
Ancaq bu il nə qədər yağış yağdı, sel oldu, onları toplamaq lazım idi. Xüsusilə də su anbarları tikmək, sonradan o suları yığıb istifadə etməklə bağlı layihələr işlənə bilər. Bu il nə qədər evləri, kəndləri su basdı, həmin suları yığmaq olardı.
Bəzi ərəb ölkələrində səhrada su hovuz düzəldiblər ki, yağış yağanda həmin sudan sonradan istifadə etmək mümkün olsun. Xatırladım ki, 1960-cı illərdə Xəzərin şərq sahillərində “Aktauda” su hovuzuna bənzər zavod tikilmişdi, atom enerjisi ilə işləyirdi.
Zavod bir milyon əhalini həm içməli su, həm də texniki su ilə təmin edirdi. Hazırda Xəzərin suyundan istifadə etmək olar. Bu gün ölkədə su qıtlığı problemi məhz infrastrukturla bağlıdır. Yağan yağışları toplamaq mümkün olsaydı, indi xeyli su ehtiyatı olardı”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

