Hər kəs narazıdır: Sürücüləri çaşdıran yol nişanları

Hər kəs narazıdır: Sürücüləri çaşdıran yol nişanları

Son dövrlər yollarda hərəkətin təşkili, yol nişanlarının düzgün yerləşdirilməsi və təhlükəsizlik standartlarına uyğunluq məsələləri tez-tez gündəmə gəlir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Hikmət Babaoğlu bu məsələləri diqqətə çəkərək magistral yollarda standartlara uyğun olmayan nişanlanma, yol ölçüləri və cərimələrlə bağlı narazılığını ifadə edib. 

Deputat bildirib ki, Azərbaycanda beynəlxalq və magistral yolların tikintisi, genişləndirilməsi, eləcə də işğaldan azad olunmuş ərazilərdə yeni yol infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır:

“Müasir dövrdə sürət amili mühüm əhəmiyyət kəsb edir və A nöqtəsindən B nöqtəsinə çatma müddətinin qısaldılması vacib məsələlərdən biridir.

Yol hərəkətində təhlükəsizlik əsas prinsip olsa da, bəzi hallarda sürət məhdudiyyətlərinin süni şəkildə aşağı salınması müəyyən problemlər yaradır.

Bəzi magistral yollarda standartlara uyğun olmayan nişanlanma və yol ölçüləri sürücülər üçün çətinliklər yaradır, nəticədə onların cərimələnməsinə səbəb olur.

Hikmət Babaoğlu xüsusilə yol zolaqlarının ensizliyini, parklanma yerlərinin düzgün nişanlanmamasını və müşahidə kameralarının məcburi manevrləri belə cərimə ilə nəticələndirməsini tənqid edib:

“Bu cür hallar sürücülərdə psixoloji gərginlik yaradır və bəzən təhlükəsizliyi artırmaq məqsədi daşıyan tədbirlər əks nəticə verir. Məsələn, mən artıq avtomobil idarə edərkən “Waze” tətbiqindən istifadə etməyə məcbur oluram. Bir gözüm yolda, bir gözüm cihazda, bir gözüm də həmin proqramda qalır”.

Niyə bəzi magistral yollarda yol nişanları və zolaq ölçüləri sürücülər üçün kifayət qədər aydın və oxunaqlı olmur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, yol nişanlarının yerləşdirilməsi zamanı sürücünün baxış bucağının, hərəkət sürətinin və yolun xüsusiyyətləri nəzərə alınmır:

“Magistral yollarda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün yol nişanlarının, nişanlanma xətlərinin və digər məlumatlandırıcı elementlərin sürücülər tərəfindən vaxtında və aydın şəkildə qəbul edilməsi böyük əhəmiyyət daşıyır.

Lakin bəzi hallarda sürücülər yol nişanlarını gec görür, zolaqların istiqamətini düzgün müəyyən edə bilmir və ya verilən məlumatı qısa müddətdə qavramaqda çətinlik çəkirlər. 

Bu da yol hərəkəti iştirakçıları üçün əlavə risklər yarada bilir. Problemin əsas səbəblərindən biri yol nişanlarının yerləşdirilməsi zamanı sürücünün baxış bucağının, hərəkət sürətinin və yolun xüsusiyyətlərinin kifayət qədər nəzərə alınmamasıdır.

Xüsusilə yüksək sürətli magistral yollarda sürücünün qərar verməsi üçün saniyələrlə ölçülən vaxtı olur. Bu səbəbdən nişanlar kifayət qədər böyük ölçüdə, oxunaqlı şriftlə və əvvəlcədən xəbərdarlıq prinsipi əsasında yerləşdirilməlidir”. 

Onun sözlərinə görə, digər mühüm amil yol nişanlarının və nişanlanma xətlərinin fiziki vəziyyətidir:

“Günəş şüaları, yağış, qar, intensiv nəqliyyat axını və digər xarici təsirlər zamanla onların görünüşünü zəiflədə bilər. Əks etdirici xüsusiyyətlərini itirmiş nişanlar gecə saatlarında və əlverişsiz hava şəraitində sürücülər üçün demək olar ki, görünməz olur.

Bəzi hallarda isə problem məlumatın həddindən artıq çoxluğundan qaynaqlanır. Qısa məsafədə çox sayda nişanın yerləşdirilməsi sürücünün diqqətini yayındıra və vacib məlumatın gözdən qaçmasına səbəb ola bilər.

Xüsusilə mürəkkəb yol qovşaqlarında, giriş-çıxış hissələrində və zolaq dəyişmə sahələrində məlumatların sadə və anlaşıqlı formada təqdim olunması vacibdir. Yol hərəkətinin təhlükəsizliyini artırmaq məqsədilə görülən bəzi tədbirlərin əks effekt verməsinin də müxtəlif səbəbləri mövcuddur. 

Məsələn, sürətin azaldılması üçün tətbiq edilən tədbirlər sürücülərin davranış xüsusiyyətləri nəzərə alınmadan həyata keçirildikdə gözlənilən nəticəni verməyə bilər.

Həddindən artıq məhdudiyyətlər və ya məntiqi əsaslandırılmayan tənzimləmələr bəzi sürücülərdə qaydalara etinasız yanaşma formalaşdıra bilər”. 

Ekspert qeyd edib ki, yeni yol sxemlərinin, zolaq dəyişikliklərinin və ya hərəkətin təşkilində aparılan yeniliklərin sürücülərə əvvəlcədən düzgün izah edilməməsi çaşqınlıq yaradır:

“Nəticədə sürücülər son anda manevr etmək məcburiyyətində qalır, bu isə qəza riskini artırır. Dünya təcrübəsi göstərir ki, təhlükəsizlik tədbirlərinin uğurlu olması üçün onların yalnız texniki baxımdan deyil, insan faktorunu nəzərə almaqla hazırlanması vacibdir.

Sürücünün davranışı, diqqət imkanları, qərarvermə sürəti və psixoloji xüsusiyyətləri nəzərə alınmadıqda ən yaxşı niyyətlə tətbiq edilən tədbirlər belə gözlənilən nəticəni verməyə bilər.

Bu səbəbdən magistral yollarda təhlükəsizliyin artırılması üçün yol nişanlarının və nişanlanma elementlərinin mütəmadi yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, ağıllı nəqliyyat sistemlərinin tətbiqi və sürücülərin məlumatlandırılmasının gücləndirilməsi vacib hesab olunur.

Təhlükəsiz yol mühiti yalnız infrastrukturun keyfiyyəti ilə deyil, həmin infrastrukturun sürücülər tərəfindən rahat qavranılması ilə təmin edilir”.

Gülər Həsənli
“Cebheinfo.az”