Nazir müavini taxıl biçininii izləyib

Nazir müavini taxıl biçininii izləyib

Respublikada taxıl biçini davam edir. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Ağcabədi rayonunda taxıl biçininin təşkili prosesini izləyib.

“Cebheinfo.az” xəbər verir ki, bu il Ağcabədi rayonunda 37442 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 22527 hektarını buğda, 14915 hektarını arpa sahələri təşkil edir. Rayonda biçin prosesində 40 kombayn iştirak edir. 

“Aqroservis” ASC taxıl biçininə 30 kombayn dislokasiya edib. Bunlardan 10-u fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır.

Artıq rayon üzrə taxıl zəmilərin 15 faizində biçin başa çatıb. Başqa sözlə, bugünədək 5599 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 21069 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq bu günə 37,6 sentner təşkil edir.

Nazir müavini Zaur Əliyev rayonun Təzəkənd kəndindəki Mirzə Ələkbər Sabir adına “Elit” toxumçuluq kəndli-fermer təsərrüfatında taxıl biçini prosesində iştirak edib, yerli fermerlərlə görüşüb, biçinin sürətli və itkisiz təşkili üçün görülən işlər barədə məlumat verib. Təsərrüfatın qanuni təmsilçisi Sənan Şıxəliyev bildirib ki, 8 ha sahədə Avstriyanın “Finola” arpa sortu, 3 ha sahədə “Qobustan” buğda sortu əkilib.

 Fermer qeyd edib ki, biçin aparılan 4 ha sahədə arpa tirə üsulu ilə əkildiyindən və yüksək bitiş alındığından sahədən orta hesabla 62-63 sentner məhsul götürdüklərini bildirib. Fermer bu il yağıntılı hava şəraitinə görə təsərrüfatın digər sahələrindən orta hesabla 45-50 sentner məhsul gözlədiklərini vurğulayıb.

Fermer Sənan Şıxəliyev kəndli fermer təsərrüfatının 1998-ci ildən fəaliyyət göstərdiyini, təsərrüfatda görkəmli seleksiyaçı alim Cəlal Əliyevin yaratdığı “Əzəmətli”, “Qiymətli”, “Əkinçi”, “Ruzi-84” və digər taxıl sortlarının əkilib becərildiyini, respublikanın digər bölgələrinə geniş yayıldığını diqqətə çatdırıb. O əlavə edib ki, təsərrüfata məxsus digər sahələrdə növbəli əkinə uyğun olaraq müxtəlif kənd təsərrüfatı bitkiləri əkilib.

Fermerlərlə müzakirələrdə taxılçılığın, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının sertifikatlı toxuma olan tələbatının yerli istehsal hesabına təmin olunması, düzgün toxum seçimi, sertifikatlı toxumlardan istifadənin əhəmiyyəti, gübrə normaları, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına riayət edilməsi, yeni becərmə üsulları, dövlət dəstəyi mexanizmləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Aqrar sahənin inkişafı ilə bağlı fermerlərin təklifləri qeydə alınıb, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 20 faizində, 194 020 hektar sahədə biçin yekunlaşıb. 

Sahələrdən 584 354 ton arpa, 54 192 ton buğda yığılıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 32,6 sentner, buğda üzrə isə 36,6 sentner təşkil edir. Respublikanın rayonlarında intensiv biçin prosesi davam edir. 

Nigar
“Cebheinfo.az”