1 700 turistin olduğu oteldə yanğın: Bir nəfər öldü
Dominikan Respublikasının sahilyanı kurort şəhəri Bayahibedəki bir oteldə baş verən yanğın nəticəsində bir nəfər həlak olub və təxminən 1 700 turist təxliyə edilib.
"Cebheinfo.az" xəbər verir ki, Dominikan Respublikasının Bayahibe şəhərində dənizkənarı zolaqda yerləşən oteldə yanğın baş verib. Alovlar tez bir zamanda oteli bürüyüb.
Hadisə yerinə yanğın briqadaları göndərilib. Yanğın zamanı 46 yaşlı İtalyan qadın həlak olub, təxminən 1 700 turist isə təxliyə edilib.
İlkin məlumatlara görə, alovun sürətlə yayılmasına palma materiallarından hazırlanmış damın tez alışan elementləri, həmçinin güclü külək səbəb olub. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər.
Qeyd edək ki, Karib hövzəsinin ən populyar turizm istiqaməti olan Dominikan Respublikasını bu ilin ilk beş ayı ərzində təxminən 5,6 milyon turist ziyarət edib.
Nigar Hacılı
"Cebheinfo.az"


