Əfqanıstan Pakistana hücum etdi 

Əfqanıstan Pakistana hücum etdi 

Əfqanıstan hakimiyyəti Pakistan ərazisində yerləşən bəzi bölgələrə hava zərbələri endirdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Kabil hücumların İŞİD terror təşkilatı ilə əlaqəli strukturlara və silahlı qruplaşmaların istifadə etdiyi obyektlərə qarşı həyata keçirildiyini iddia edib.

Əfqanıstan Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yaydığı açıqlamada Pakistanın Bəlucistan və Xeybər Paxtunxva əyalətlərində yerləşən bəzi "sığınacaqların" hədəfə alındığını bildirib.

Qeyd olunub ki, həmin məntəqələrdən Əfqanıstana qarşı hücumların planlaşdırılması və koordinasiya edilməsi məqsədilə istifadə olunurdu.

Pakistanın İnformasiya Nazirliyi isə Əfqanıstanın iddialarını rədd edib:

"Sözügedən iddialar həmişə olduğu kimi əsassızdır".

İslamabad həmçinin Əfqanıstana məxsus pilotsuz uçuş aparatının (PUA) Xeybər bölgəsi yaxınlığında Pakistanın hava məkanını pozduğunu, həmin aparatın aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb.

Xatıradaq ki, son illərdə iki ölkə arasındakı sərhəd xətti tez-tez qarşıdurmaların yaşandığı əraziyə çevrilib.

Pakistan fevralın 22-də "Pakistan Talibanı" (TTP) tərəfindən törədilən hücumlardan sonra Əfqanıstan sərhədində yerləşən bəzi məntəqələri hədəfə almış və həmin əraziləri "terror düşərgələri" adlandırmışdı.

Buna cavab olaraq, Əfqanıstan hakimiyyəti fevralın 26-da Pakistana məxsus hərbi obyektlərə zərbələr endirmiş, Pakistan isə Kabil və sərhəd bölgələrində yerləşən bəzi hədəflərə cavab hücumları həyata keçirmişdi.

Əfsanə 
"Cebheinfo.az"