Tarixə iş yerlərini məhv edən kansler kimi düşəcək
Almaniyada hökumətin iqtisadi siyasəti ilə bağlı mübahisələr davam edir. BSW partiyasının qurucusu Sahra Vagenknecht kansler Fridrix Mertsi ölkədə mümkün iş itkiləri və sənayenin zəifləməsi ilə bağlı tənqid edib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Merz ölkədə kütləvi iş yerlərinin itirilməsinə və rifah səviyyəsinin azalmasına səbəb olan kansler kimi tarixə düşə bilər. O, bu fikirləri sosial şəbəkədə "Volkswagen" şirkətinin gələcək illərdə işçi sayını azaltmaq planlarına münasibət bildirərkən səsləndirib.
Siyasətçinin sözlərinə görə, Almaniyada sənayenin zəifləməsinin qarşısını almaq üçün enerji qiymətləri ilə bağlı problemlər həll edilməli və iqtisadi siyasətdə dəyişikliklər aparılmalıdır. O, hazırkı hökumətin yanaşmasını tənqid edərək Merzin istefasını tələb edib.
Bundan əvvəl yayılan məlumatlara görə, "Volkswagen" yaxın illərdə dünya üzrə işçi sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır. Şirkətin bəzi zavodlarında ixtisarların və mümkün struktur dəyişikliklərinin gündəmə gələ biləcəyi bildirilir.
Almaniyanın avtomobil sənayesində yaşanan bu proseslər ölkədə iqtisadi gələcək, rəqabət qabiliyyəti və məşğulluqla bağlı müzakirələri daha da gücləndirib.
Aişə Abdulova
“Cebheinfo.az”

