"Meşə yanğınları ilə mübarizə sahəsində maarifləndirmə" layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Oğuz rayonu Böyük Qafqaz sıra dağlarının cənub yamacında, yaşıllıqlarla əhatə olunmuş bir məkanda qərar tutub. Rayon şimaldan Rusiya və Dağıstan, şərqdən Qəbələ, cənubdan isə Şəki rayonları ilə sərhəddədir.
“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Meşə yanğınları ilə mübarizə sahəsində maarifləndirmə” layihəsi üzrə növbəti tədbirini iyunun 25-də Oğuz rayonunun Xaçmaz kəndində keçirib.
Tədbirdə çıxış edən birliyin sədri Əzizağa Hümbətəliyev dünya meşə fonduna malik olan bütün ölkələrdə yanğın probleminin olduğunu nəzərə çatdırdı. O qeyd etdi ki, meşə yanğınlarının qarşısını almağın yeganə yolu əhalinin bu sahədə maarifləndirilməsinə nail olmaqdır.
Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şərif Şahüseynov bu yanğınların flora və fauna ilə bərabər, torpağın humus qatındakı üzvi və mineral maddələrə öldürücü təsirindən danışdı.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı Cavid Şirinov meşə yanğınlarının qarşısını almaq üçün mütəmadi olaraq tədbirlər keçirdiklərini, bu sahədə əlaqədar nazirliklərin vaxtaşırı görüşlər keçirdiklərini qeyd etdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Xaçmaz Meşəbəyliyinin meşəbəyisi Arzu Qocayev rəhbərlik etdiyi mərkəzdə on min hektardan artıq meşə sahəsi olduğunu nəzərə çatdırdı. Hər il boş torpaq sahələrində yeni tinglər əkdiklərini və aqrotexniki qaydalara uyğun olaraq qulluq göstərdiklərini bildirdi. Meşə yanğınlarının qarşısını almaq üçün əlaqədar nazirliklərlə birlikdə müxtəlif tədbirlər həyata keçirdiklərini diqqətə çatdırdı.
Birliyin hüquqşünası Aydın Kərimov meşə ərazilərində olarkən davranış qaydalarını iştirakçıların diqqətinə çatdırdı. O, İnzibati Xətalar Məcəlləsindən bir sıra maddələri şərh edərək meşə yanğınlarında günahkar olan şəxslərin məsuliyyətə cəlb olunacağını xatırlatdı.
Sonda tədbir iştirakçıları Xaçmaz və Filfilli kəndlərində yanğına həssas olan yerlərdə qadağanedici lövhələr bərkitdilər.
"Cebheinfo.az"


