Şagirdləri qorumaq üçün: “Buraxılış imtahanı DİM-dən alınmalıdır”

Şagirdləri qorumaq üçün: “Buraxılış imtahanı DİM-dən alınmalıdır”

“Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür”. 

Bu fikirləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. 

Onun sözlərinə görə, bu gün valideynlərin böyük bir qismi hesab edirlər ki, təkcə məktəb təhsili ilə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarından uğurla keçmək mümkün deyil:

“Bu yanaşmanın formalaşmasında valideynlərin övladlarının təhsilinə kifayət qədər vaxt ayırmaması da rol oynayır". 

M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən hazırlanan metodiki vəsaitlər, model testlər və digər tədris materialları qəbul imtahanlarına hazırlaşmaq üçün kifayət edir: 

"Müvafiq kitablar, materiallar və model testlərlə təmin olunan şagirdlər qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Hər il yüzlərlə abituriyent məhz bu vasitələrlə hazırlaşaraq ali təhsil müəssisələrinə qəbul olunur. Bu cür uğurlu nəticələr təkcə böyük şəhərlərdə deyil, müxtəlif rayon və qəsəbələrdə də müşahidə edilir". 

DİM sədri qeyd edib ki, məktəb qiymətləri ilə imtahan nəticələri arasında tam uyğunluq yoxdur. O diqqətə çatdırıb ki, şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur: 

"Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. 

Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, məktəbdə "5" alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənnlərdən get-gedə düzgün aparılır". 

Qeyd edək ki, “Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür” fikri ilə “Məktəb qiymətləri ilə imtahan nəticələri arasında tam uyğunluq yoxdur” arasında sanki uyğunluq yoxdur. 

Məktəb proqramı ilə DİM-in imtahan sualları arasında uyğunsuzluq nəticələrə təsir edəcək səviyyədədirmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, məktəblər ümumtəhsil bazasında təsdiq olunmuş tədris planına uyğun kiçik qiymətləndirmə, böyük qiymətləndirmə, daxili imtahanlar keçirir: 

“Ancaq buraxılış imtahanlarını Dövlət İmtahan Mərkəzi həyata keçirir. DİM-in keçirdiyi imtahanlarda da ciddi uyğunsuzluq yaranır. Birincisi, buraxılış imtahanlarında yüksək, ancaq daxili imtahanlarda aşağı nəticə göstərən uşaqlar var. Onlar o uşaqlardır ki, repetitor yanına getdiklərinə görə fənn müəllimləri onun yanına getmədikləri üçün onlara yaxşı qiymət yazmır. 

İkinci qrup  yaxşı qiymətlərlə məzun olurlar, ancaq DİM-in nəticələrində aşağı bal toplayıblar. Yəni burada bir uyğunsuzluq var. Bu da onunla bağlıdır ki, ümumtəhsil məktəblərdə qiymətlər adekvat deyil. Yəni müəllim şagirdin biliyini, bacarığını qiymətləndirmək üçün onun davamiyyətini, tərbiyəsini, gündəlik tədrisə yanaşmasını qiymətləndirir. 

Ancaq DİM onları nəzərə almır, ümumi mənzərəni, nəticəni qiymətləndirir. Eyni zamanda, ümumtəhsil məktəblərində rəhbərin təsiri, tanışlıq, qohumbazlıq, tapşırıq kimi vasitələr rol oynadığından uyğunsuz mənzərə yaranır”. Ekspertin sözlərinə görə, əslində bu gün 2 alan şagird də sinifdə qalmır, digər sinifə keçir: 

“Yalnız davamiyyəti zəif olan, ümumiyyətlə, məktəbə gəlməyən şagirdə problem yaranır. Ona görə də buraxılış imtahanını, 11-ci sinfəqədərki qiymətləndirməni ümumtəhsil məktəbləri özü aparmalıdır. 

Bunu Elm və Təhsil Nazirliyinin icra orqanları həyata keçirməlidir”. O ki qaldı buraxılış imtahanlarından sonra birbaşa ali məktəbə qəbul prosesinə, ekspert deyir ki, Almaniyada, Avropa ölkələrinin bir çoxunda bu təcrübə var: 

“Yəni buraxılış imtahanlarının nəticələrinə görə ali təhsil müəssisələrini seçmək imkanları olmalıdır. Bizdə nəinki blok imtahanları keçirilir, ondan sonra ikinci cəhd, şans imtahanı gəlir. 

Biz bu imtahanlarla uşaqların psixoloji durumunu çox gərginlikdə saxlayırıq. Bu sistem ümumilikdə təkmilləşməli, formalaşmalıdır ki, şagirdlər bu qədər stress yaşamasınlar. Təklif edilmişdi ki, Almaniya modeli  kimi Azərbaycanda da kim istəyir buraxılış imtahanından sonra gedib ali məktəbə sənəd verə bilər. 

Ancaq buraxılış imtahanı maksimum 300 bal verir və bilirik ki, maksimum 300 balı toplamış abituriyent prestijli fakültələrə qəbul ola bilməz. Bunun üçün abituriyent gərək 400 balla hesablanan blok imtahanlarına girsin və bu nəticə əsasında ali məktəbə qəbul olsun”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”