Uşaqlıq travmaları insana necə təsir edir?

Uşaqlıq travmaları insana necə təsir edir?

Uşaqlıq dövründə yaşanan ağır travmalar, xüsusilə valideyn itkisi və ailədaxili zorakılıq insanın bütün sonrakı həyatına təsir göstərə bilir.

Belə ki, erkən yaşlarda sevgi, qayğı və təhlükəsizlik hissindən məhrum olan uşaqlarda gələcəkdə özünəinamın aşağı olması, münasibətlərdə çətinliklər, davamlı qorxu və emosional problemlər yarana bilər.

Uşaqlıqda alınan psixoloji yaralar illər keçsə də, insanın davranışlarında özünü göstərməyə davam edir.

Bəs uşaqlıq travmaları insanın yetkinlik dövründə hansı problemlərə səbəb olur?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, erkən yaşlarda valideyn itkisi uşağın psixoloji inkişafına ciddi təsir göstərir: 

“Məhz bir uşaq erkən yaşda valideynini itirəndə onun həyatında görünməyən, amma çox dərin bir boşluq yaranır. Çünki uşaq üçün valideyn sadəcə ana və ya ata deyil, onun dünyadakı ilk güvən yeri, sığınacağı və “mən qorunuram” hissidir. Bəli həyat davam edir, ailə yenidən qurulur, amma uşağın daxilindəki itki və ağrı sağalmadan qalır.

Əgər bu uşağın qarşısına sevgi, şəfqət və qəbul əvəzinə soyuqluq, təhqir, döyülmə, qorxu və psixoloji basqı çıxırsa, həmin uşaq ikiqat yara alır. O, həm itirdiyi valideynin həsrətini daşıyır, həm də yaşadığı mühitdə özünü qorumağa çalışır.

Belə böyüyən uşaq çox vaxt öz hisslərini gizlətməyi öyrənir. Ağlayanda eşidilməyibsə, danışanda cəzalandırılıbsa, etiraz edəndə daha çox zərər görəcəyini düşünübsə, böyüyəndə də susmağı təhlükəsizlik kimi qəbul edir". 

O qeyd edib ki, uşaqlıqda susdurulan ağrılar böyüklükdə münasibətlərə və həyat seçimlərinə təsir edir:

"Bu səbəbdən bəzi insanlar həyatda öz haqqını tələb edə bilmir, sərhəd qoya bilmir, hər şeyə razılaşır və içində böyük bir qorxu ilə yaşayır. Həmin susdurulmuş uşağın içində yığılan ağrı yox olmur.

Bəzən illərlə gizlənən qorxu, inciklik və qəzəb sonradan insanın münasibətlərinə, özünə baxışına və həyat seçimlərinə təsir edir". 

Psixoloq vurğulayıb ki, uşaqlıq travmaları ilə yaşayan insanlar mütləq psixoloji dəstək almalıdır:

"Bu cür ağır uşaqlıq travmaları ilə yaşayan insanların psixoloq dəstəyi alması çox önəmlidir. Mütəxəssis köməyi ilə insan keçmişin yaratdığı yaraları anlaya, öz dəyər hissini yenidən qura və sağlam münasibətlər yaratmağı öyrənə bilər.

Çünki heç bir uşaq qorxu içində böyüməməlidir və heç bir insan keçmişinin ağrısını ömrünün sonuna qədər daşımağa məcbur deyil".

Əfsanə Rəcəb
"Cebheinfo.az"