Ebola təhlükəsi artır: Bu ölkədə də yoluxma sayı...
Fransanın səhiyyə naziri Stefani Rist ölkədə qeydə alınan ilk Ebola hadisəsi ilə təmasda olduğu ehtimal edilən 5 nəfərin ehtiyat tədbiri olaraq karantinə alındığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, nazir Rist "France 2" televiziya kanalında qonaq olarkən ölkədə aşkarlanan Ebola hadisəsi ilə bağlı açıqlamalar verib.
O, dünən Konqo Demokratik Respublikasındakı humanitar yardım missiyasından qayıdan bir həkimdə Ebola virusunun aşkarlandığını xatırladaraq, həmin şəxsin təcrübəli həkim olduğunu qeyd edib.
Rist bildirib ki, həkim xəstəliyin ilkin mərhələsində olub və təyyarəyə mindiyi zaman heç bir simptom göstərmədiyi üçün virusun yoluxdurucu olmadığı qiymətləndirilib.
Nazirin sözlərinə görə, uçuş zamanı baş ağrısından şikayət edən həkim vəziyyətini aidiyyəti qurumlara bildirib. Buna görə də təyyarə enən kimi qarşılanaraq xəstəxanaya aparılıb və 21 günlük karantinə yerləşdirilib.
Rist əlavə edib ki, təyyarədə həkimə yaxın əyləşən şəxslər araşdırılıb və onunla təmasda olduğu ehtimal edilən 5 nəfər müəyyən edilərək ehtiyat məqsədilə karantinə alınıb.
Fransa Səhiyyə Nazirliyinin dünən yaydığı açıqlamada Konqo Demokratik Respublikasından qayıdan bir həkimdə Ebola virusunun təsbit edildiyi bildirilib.
Qeyd olunub ki, bu, həmin dövrdə Fransa ərazisində qeydə alınan ilk Ebola hadisəsidir və Baş nazir Sebastyan Lekornunun vəziyyəti yaxından izlədiyi vurğulanıb.
Fransa hökumətinin sözçüsü Mod Brejon isə verdiyi açıqlamada Ebola ilə bağlı vəziyyətin nəzarət altında olduğunu bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"


