Akvakultura fəaliyyəti üçün bu sənəd tələb olunacaq

Akvakultura fəaliyyəti üçün bu sənəd tələb olunacaq

Akvakultura fəaliyyəti yeniq aydada tənzimlənəcək, qeydiyyat şəhadətnaməsi və Biotexnoloji Layihə Sənədi tətbiq olunacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, balıqçılıq su obyektlərində akvakultura fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq verilən akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əsasında həyata keçirilir. Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinə görə “Dövlət rüsumu haqqında” qanun ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Akvakulturanın həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. alıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün qeydiyyat şəhadətnaməsinin əldə edilməsi məqsədilə balıqçılıq subyektlərindən nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən Biotexnoloji Layihə Sənədinin hazırlanması tələb olunur. Biotexnoloji Layihə Sənədinin ekspertizasının həyata keçirilməsi üçün məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xidmət haqqı tutulur.

Akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və texnologiyaların təsnifatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən bu qanunda nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Akvakultura təsərrüfatlarında elmi tədqiqat məqsədləri istisna olmaqla, genetik modifikasiya olunmuş və toksik balıq və digər su bioresurslarının yetişdirilməsinə və istifadəsinə yol verilmir.

Akvakultura təsərrüfatları tərəfindən qanunun tələblərinin pozulduğu və ya akvakultura sahəsində texniki normativ hüquqi aktlara riayət edilmədiyi aşkar olunduqda, habelə “Lisenziyalar və icazələr haqqında” qanun ilə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qeydiyyat şəhadətnaməsini həmin pozuntular aradan qaldırılanadək, lakin 90 (doxsan) gündən çox olmayan müddətə dayandırır. Qeydiyyat şəhadətnaməsinin dayandırıldığı müddət bitənədək dayandırılmaya səbəb olan halları aradan qaldırmalı və nəticəsi barədə 3 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yazılı məlumat verməlidir.

Qeydiyyat şəhadətnaməsinin dayandırılmasına səbəb olan hallar aradan qalxdıqda qeydiyyat şəhadətnaməsi bərpa olunur.Qeydiyyat şəhadətnaməsinin dayandırıldığı müddətdə aşkar olunmuş pozuntular akvakultura təsərrüfatı tərəfindən aradan qaldırılmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) onu ləğv edir.

Layihəyə görə, su hövzələrinin akvakultura məqsədilə istifadəsi, balıqçılıq təsərrüfatlarının hüquqi statusu, akvakultura obyektlərinin qeydiyyatı, məhsuldarlığın tənzimlənməsi, eləcə də törədici balıqların və onların sürülərinin idarə olunması məsələləri normativ əsaslarla müəyyən edilir.
Bu yanaşma Azərbaycanda həm intensiv, həm də ekstensiv akvakultura modellərinin tətbiqinə şərait yaradacaq, texnologiyaya əsaslanan, izlənilə bilən və məhsuldar təsərrüfatların formalaşmasını stimullaşdıracaq.

"Cebheinfo.az"